Rəşad Sadiqov: Qəbələ hələ heç bir futbolçu ilə müqavilə yeniləməyib
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- "İnter"lə heç-heçə barədə nə deyə bilərsiniz?
- Başa düşürdük ki, bu oyunda güzəştsiz mübarizə olacaq. Rəqib çempionluq uğrunda mübarizə aparırdısa, biz üçüncü pillədəki mövqeyimizi qorumağı düşünürdük. Fikrimcə, yaxşı futbol sərgilədik. Daha çox hücum edirdik. Sadəcə, buraxdığımız bir səhv qapımıza vurulan qolla nəticələndi.
- Heç-heçə sizi qane etmədi?
- Heç-heçəni də pis nəticə saymaq olmaz. Çünki hazırda hər şey öz əlimizdədir. Son turda qəbul edəcəyimiz "Bakı" üzərində qələbə qazanmaqla bürünc medalları təmin etmiş olacağıq.
- Paytaxt klubunun vəziyyətini nəzərə alsaq, sizin bürünc medalları indidən təmin etdiyinizi demək olar?
- Belə oyunlara köklənmək asan olmur. Ona görə də autsayderlərlə qarşılaşmalar düşünüldüyündən də çətin keçir. Lakin fikrimcə, qələbə qazana biləcəyik.
- İkinci hissədə bir neçə dəfə top itirdiniz və hətta azarkeşlər də bundan narazı görünürdülər...
- Belə oyunlarda səhvlərdən qaçmaq olmur. Meydanda hər istədiyini edə bilmirsən. Top itkisi də ona görə olurdu.
- Mövsümün sonunda klubla müqavilənizin müddəti başa çatır. Planlarınız necədir?
- Fikrimcə, tezliklə danışıqlar masası arxasına əyləşəcəyik. Yeni müqavilə ilə bağlı problem olacağını düşünmürəm.
- Roman Qriqorçuk nə deyir?
- Yalnız onun istəyi sayəsində komandada qala bilərəm. Amma düzünü desəm, eyni vəziyyətdə olan tək mən deyiləm. Hələ heç bir futbolçu klubla yeni müqavilə bağlamayıb.
- Klub rəhbərliyi hər açıqlamasında heyətin daha da gücləndiriləcəyini deyir. Amma yeni oyunçuların gəlməsi üçün kimlərinsə getməsi də lazımdır. Bu, sizi narahat etmir?
- Mən bu barədə danışa bilmərəm. Kimin komandada qalacağına, kimlərin gətiriləcəyinə baş məşqçi qərar verir. Şübhəsiz ki, onun işi komandanı daha da güclü etməkdir. Məni burada hər şey qane edir. Belə şəraitdə, bu cür məşqçilərlə çalışmaq hər futbolçuya nəsib olmur.
