Dmitri Nağıyev: Dnepr top-klubdur və yığmaya dəvət almasam, çox məyus olaram
Ukraynanın "Dnepr" klubunun və Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Dmitri Nağıyevin azerisport.az saytına müsahibəsi
- "Dnepr"in Avropa Liqasının finalına vəsiqə qazanmasını necə qiymətləndirə bilərsiniz?
- "Dnepr" hamıya göstərdi ki, istənilən rəqibi keçə bilər. "Napoli" cavab matçının favoriti idi. Amma "Dnepr"in oyunçuları bu görüşdə son matça çıxıblarmış kimi oynadılar.
- Bəs finalda hansı komanda ilə qarşılaşmağınızı istərdiniz?
- Mən finalda "Sevilya"nı görmək istəyirdim, elə də oldu. Hər iki komanda finalda qələbə qazana bilər. Amma "Dnepr" "Napoli"yə qarşı oynadığı kimi çıxışedə bilsə, qələbə qazanmaq şansı olacaq. Favorit isə təbii ki, "Sevilya"dır. Etiraf etmək lazımdır ki, "Sevilya" çox güclüdür.
- Bəs sizi əsas komandanın heyətində nə vaxt görəcəyik?
- Əsas heyətlə məşq edirəm, amma əvəzedici komandada oynayıram. Miron Markeviç əvəzedici heyətlə şəxsən maraqlanır. Ona görə də orada da yüksək səviyyədə oynamağa çalışıram ki,əsas heyətə düşməyə şansım olsun.
- Aranızda heç bununla bağlı söhbət olub?
- Bəli. Baş məşqçi mənə üzərində daha çox işləməli olduğum məqamları bildirib. Daha yaxşı oynamağım üçün tapşırıqlar verib.
- O, Azərbaycanın gənclərdən ibarət yığmasına çağırılmağınızdan xəbərdardır?
- Bəli, o, bilir ki, Bakıda gənclərdən ibarət millinin düşərgəsinə olmuşam. Həmin toplanışdan sonra Markeviçlə söhbətimiz oldu. O, Bakıdakı toplanışla bağlı suallar verdi.
- Təsadüfən bizim gənc futbolçularla maraqlanmadı?
- Xeyr, mənimlə klubun transfer siyasəti barədə söhbət etmədi (gülür). Komanda haqda soruşdu, mən də bildirdim ki, Azərbaycanda yaxşı futbolçular var.
- Adətən xarici klublarda çıxış edən yığma üzvləri çox keçmədən yerli klublardan birinə keçir...
- Hələ mənə belə bir təklif edilməyib. Olsaydı, menecerim mənə xəbər verərdi.
- Yəqin ki, Yaşar Vahabzadədən qarşıdakı seçmə mərhələ oyunlarına dəvət gözləyirsiniz...
- Bakıdakı toplanış zamanı əlimdən gələni etdim ki, özümü yaxşı tərəfdən göstərim. Milliyə dəvət etməsələr, çox məyus olacağam. Çağıracaqları halda isə məmnuniyyətlə gələcəyəm. Yığmada oynayanlar arasında ən güclü kluba malik olanı mənəm. Fikrimcə, yığma üçün də futbolçunun top-klubda oynaması yaxşı haldır. "Dnepr" də hazırda top-klublar sırasındadır.
- Seçmə mərhələdə hansı komandalarla qarşılaşacağımızdan xəbərdarsınız?
- Bəli, bilirəm ki, Farer adaları, Rusiya, Almaniya, Finlandiya və Avstriya ilə eyni qrupa düşmüşük. Çox çətin qrupdur. Amma hər rəqiblə mübarizə aparmaq olar. Finlandiyaya, Farer adalarına, Avstriyaya qalib gələ bilərik. Almaniya və Rusiya ilə oyunlar isə çətin olacaq. Amma onlara da müqavimət göstərmək olar.
