Matiya Şpiçiç: Qəbələdən çəkinməyə səbəb görmürəm
"İnter"in müdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibəsi
- "İnter"in çempionluq şanslarını necə qiymətləndirirsiniz?
- Riyazi baxımdan hələ də şansımız qalmaqdadır. Mübarizəmizi mövsümün sonunadək davam etdirəcəyik.
- Qarşıda "Qəbələ" ilə çətin oyun var...
- Doğrudan da çox ağır oyun olacaq. Bu rəqib son dövrlər əla forması ilə fərqlənir. Biz də pis çıxış etmirik. Maraqlı oyun alınacaq.
- "Qəbələ"nin 10 oyundur məğlub olmaması sizi ehtiyatlanmağa məcbur etmir?
- Turnir cədvəlinə baxanda bu komandanı 9 xal qabaqladığımızı görmək olar. Buna görə onlardan çəkinməyə səbəb görmürəm. Öndə olan onlar yox, bizik.
- Klubda maliyyə problemləri var. Bu, komandanın çıxışına nə dərəcədə təsir edir?
- Heç nəyi gizlətməyəcəyəm, problemləri hər kəs görür. Amma biz buna görə narahat deyilik. Çünki klub rəhbərliyi bütün borcların ödəniləcəyinə söz verib. Tezliklə bunun baş verəcəyinə inanırıq. Ona görə də narahat olmuruq. Hər şey yaxşı olacaq.
- "İnter"lə müqavilənizin müddəti tezliklə başa çatacaq...
- Bəli, iki ay sonra müqavilənin müddəti başa çatacaq. Ondan sonra klub rəhbərliyi ilə yenidən danışıqlar masası arxasında əyləşəcəyəm.
- Başqa komandalardan dəvət var?
- Bir neçə variant var. Amma indi bu haqda danışmaq istəmirəm. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.
- İndiki baş məşqçinizin mövsümün sonunda komandadan gedəcəyi dəqiqdir. Yəqin ki, siz də burada qalmaqda maraqlı deyilsiniz...
- Biz də baş məşqçinin gedəcəyini bilirik. Amma klub öz fəaliyyətini davam etdirir. Ona görə də öncədən heç nə demək olmaz. Hər şey "İnter"in indiki vəziyyətdən necə çıxmasından asılı olacaq. Amma burada qalmaq istədiyimi gizlətmirəm. Təbii ki, hər şey qaydasında olacaqsa.
- Növbəti turda da "Qarabağ"la oyununuz olacaq. Sizcə, bu mövsümün çempionunu məhz həmin oyun müəyyənləşdirəcək?
- İndi bizim üçün "Qəbələ" ilə oyun daha vacibdir. Bu görüşdə qələbə qazansaq, hər şeyə "Qarabağ"la oyunda aydınlıq gələ bilər.
