Topaz Premyer Liqasında 34-cü tur həyəcanı
Bu gün və sabah Topaz Premyer Liqasında 34-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək turun mərkəzi qarşılaşması Qəbələdə olacaq, "Neftçi" isə istirahət etməli olacaq.
Turun açılış matçında “Simurq” “Bakı”nı qəbul edəcək. Əvvəlki 23 oyunda paytaxt klubunun böyük üstünlüyü var. Bu komanda 11 dəfə qələbə qazanıb. "Simurq" 5 görüşdə qalib gəlibsə, qalan 7 qarşılaşmada da heç-heçə qeydə alınıb. Top fərqində də Zaqatala klubu geridədir - 22:27. Bu komandaların son 9 oyununda heç-heçə qeydə alınmayıb. “Simurq” ardıcıl 2 böyükhesablı qələbə qazanıb. “Bakı” isə son 4 səfərdə meydanı solsuz tərk etməyib. Bu mövsüm baş tutan görüşlərdən birincisində "Bakı" 2:1 hesabıyla üstün olubsa, qalan iki matçda "Simurq" darmadağına sevinib - evdə 5:2, səfərdə 3:0. Elə bu oyunda da Zaqatala təmsilçisinin qələbə qazanması daha inandırıcı görünür. Baxmayaraq ki, "Bakı"nın aqibətini yaşamaqda olan bu komandanın aparıcı futbolçularının əksəri düşərgəni tərk edib.
İkinci oyun günündə öncə “Xəzər Lənkəran” ilə AZAL üz-üzə gələcək. Tərəflərin əvvəlki 27 oyunundan 13-də cənub klubu qalib gələn tərəf olub. 9 görüşdə tərəflər meydanı 1 xalla tərk edibsə, cəmi 5 qarşılaşma "təyyarəçilər"in qələbəsi ilə biib. Top fərqində də cənub təmsilçisi üstündür - 35:22. AZAL ardıcıl 10 oyundur rəqib qapısına qol vurur. Son 7 görüşdə isə hər iki komanda fərqlənib. “Xəzər Lənkəran” son 6 qarşılaşmada qələbə qazana bilməyib. Bu mövsüm baş tutan görüşlərin ilk ikisində eyni hesab qeydə alınıb - 1:1. Bakıda keçirilmiş son qarşılaşmada isə AZAL 3:1 hesabıyla üstün olub.
Turun mərkəzi oyununda “Qəbələ” “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar əvvəllər 27 dəfə üz-üzə gəliblər. Bu oyunlardan 13-də paytaxt, 6-da isə bölgə təmsilçisi qələbə qazanıb. 8 matçda isə heç-heçə qeydə alınıb. Top fərqində də bakılılar üstündürlər - 40:22. “Qəbələ”nin meydanındakı son 4 qarşılaşmada hər iki komanda qol sevinci yaşayıb. Meydan sahibləri isə 6 matçdır qol sevinci yaşayır. “İnter” cari mövsümün hər 3 qarşılaşmasında rəqib qapısına yol tapıb. Bu komanda ilk dövrədə "Qəbələ"yə 4:0 qalib gəlib, ikinci dövrədəki görüş 1:1 hesabıyla başa çatıb, üçüncü qarşılaşmada isə paytaxt klubu öz meydanında 1:2 hesablı məğlubiyyətlə üzləşib. 10 oyundur məğlubiyyət tanımayan, onların 9-da qələbə qazanan bölgə təmsilçisi uğurlu seriyanın davamını gətirib, üçüncü pillədəki mövqeyini möhkəmləndirməyə çalışacaq. "İnter" isə çempionluq uğrunda mübarizə aparır və xal itirməmək arzusundadır. Əks halda lider bu tur qızıl medalları özü üçün təmin edib, bakılıların gümüş medallarla kifayətlənməsini rəsmiləşdirəcək.
Növbəti çempionluğunu rəsmiləşdirmək istəyən “Qarabağ” isə bu dəfə “Sumqayıt”la qarşılaşacaq. Əvvəlki 11 oyundan 7-də qalib gələn Ağdam klubu matçın favoritidir. 3 dəfə bu rəqibinə qalib gəlmiş sumqayıtlılar isə 1 oyunda da heç-heçəyə nail olub. Top fərqində də ağdamlıların böyük üstünlüyü var - 25:6. “Qarabağ” son 2 qarşılaşmada 2 qol vurub, qalib gəlib - 2:0, 2:1. Ağdam təmsilçisi ardıcıl 4 ev matçında da qələbə qazanıb. Bu mövsüm baş tutmuş ilk oyunda isə "Qarabağ" qalib gəlməsinə baxmayaraq, limiti pozduğuna görə, 0:3 hesablı texniki məğlubiyyətlə üzləşmişdi. Ağdamlılar əsas izləyicisi "İnter"in Qəbələdə xal itirməsinə ümid bəsləməklə qalib gəlib, çempionluğunu təmin etməyə çalışacaq.
Topaz Premyer Liqası
34-cü tur
15 may (cümə)
17:00. “Simurq” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər stadionu.
16 may (şənbə)
18:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Murad Məmmədov.
"Xəzər Lənkəran" mərkəzi stadionu.
20:00. “Qəbələ” – “İnter”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu.
20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Vüsal Qənbərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Bakcell Arena”.
| 1 | Qarabağ | 30 | 19 | 8 | 3 | 49-26 | 65 |
| 2 | İnter | 29 | 16 | 11 | 2 | 51-15 | 59 |
| 3 | Qəbələ | 30 | 14 | 8 | 8 | 42-34 | 50 |
| 4 | Neftçi | 30 | 13 | 8 | 9 | 37-32 | 47 |
| 5 | Simurq | 29 | 10 | 5 | 14 | 37-34 | 35 |
| 6 | AZAL | 29 | 9 | 8 | 12 | 31-40 | 35 |
| 7 | Xəzər Lənkəran | 29 | 7 | 7 | 15 | 34-44 | 28 |
| 8 | Sumqayıt | 29 | 5 | 10 | 14 | 27-41 | 25 |
| 9 | Bakı | 29 | 3 | 7 | 19 | 19-61 | 16 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
15 - Nurlan Novruzov ("Bakı").
12 - Draqan Çeran ("Simurq").
11 - Nikolas Kanales ("Neftçi"), Cavid Hüseynov ("Qəbələ").
10 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva ("Qarabağ").
