Mübariz Zeynalov: Neftçiyə meydanda ölməyə hazır olan futbolçular lazımdır
"Neftçi"nin Müşahidə Şurasının üzvü Mübariz Zeynalovun azerisport.az saytına müsahibəsi
- Son dövrlər "Neftçi"dən daha çox yazılır. Klubda nə baş verir?
- Pis heç nə yoxdur. İş gedir. "İnter"lə son oyundakı nəticəyə (0:4) gəlincə, mən bunu dramatikləşdirməyin əleyhinəyəm. Hamı uduza bilər. Sadəcə, elə futbolçular var ki, onlarla vidalaşmaq lazımdır.
- Artıq Rauf Əliyev, Elvin Yunuszadə, Mirhüseyn Seyidov kimi oyunçulardan imtina etmisiniz...
- Bəs oynamayan futbolçu ilə nə etmək olardı? Onlar əvvəlki səviyyədə çıxış etmirdilər. Mən də vaxtilə futbol oynamışam. "Neftçi"yə futbol oynamağı bacaran oyunçular lazımdır.
- Belə çıxır ki, ancaq yerli futbolçular oynamırdı? Məsələn, Flavinyo əvvəlki səviyyəsindən uzaq olsa da, onun çıxışını bəyənirsiniz?
- Hamısını birdən qova bilmərik. Bir qədər gözləyin, hər şeyi özünüz görəcəksiniz. Çünki mövsüm hələ başa çatmayıb.
- "Neftçi"nin transfer siyasəti necə olacaq?
- Yaxşı futbolçular dəvət edəcəyik. Gücləndiməli olduğumuz xəttlər var. Hətta deyərdim ki, hər mövqedə güclənməyə ehtiyac var. Bizə meydanda ölməyə hazır olan futbolçular lazımdır. Futbolçunun meydanda can qoymadığını hər kəs hiss etməyə bilər, amma futbol adamlarını aldatmaq mümkün deyil.
- Maraqlıdır, Premyer Liqada çıxış edən hansı futbolçuları komandanızda görmək istərdiniz?
- Hər komandada xoşuma gələn futbolçular var. Amma onların hamısını klubumuza dəvət etmək mümkünsüzdür. Kiminsə müqaviləsi var, kiminsə başqa planları mövcuddur. Lakin istənilən halda komandamızı gücləndirməyə çalışacağıq.
- Konkret ad çəkə bilərsiniz?
- Reynaldo, Almeyda və Rəşad Sadıqovun adını çəkə bilərəm. Rəşad gənc deyil, amma görün o, meydana çıxanda necə oynayır. Sonra da həmin Sadıqovu bizim yollarımızı ayırdığımız gənc futbolçularla müqayisə edin. Əgər hansısa futbolçu yığmada çıxış edirsə, bu, ona heç bir əlavə imtiyaz qazandırmır.
- Komanda belə atmosferdə kubokun finalına necə hazırlaşacaq?
- Hər şey düşündüyünüz qədər də pis deyil. Bir oyuna hazırlaşmaq çətin olmayacaq. Qalan futbolçular "Neftçi"nin uğurlu çıxışı üçün məsuliyyət hiss etməlidirlər.
