Martin Boqatinov: Neftçiyə keçidim mümkündür
Makedoniya yığmasının qapıçısı Martin Boqatinov "Neftçi"yə keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bəli, mənim bu komandaya keçidim mümkündür. Menecerim bununla bağlı danışıqları davam etdirir".
Boqatinov bəyan edib ki, "ağ-qaralar"ın serbiyalı qapıçısı Saşa Stamenkoviçi şəxsən tanıyır. Hansı ki, yayda onun komandadan göndərilməsi gözlənilir: "Stamenkoviçi tanıyıram. Yaxşı qapıçıdır".
Makedoniyalı qolkiper "Neftçi" barədə məlumat topladığını bildirib: "Neftçi" barədə demək olar ki, hər şeyi bilirəm. Əsas məqamlardan biri odur ki, bu komanda Azərbaycanın ən yaxşılarından biridir. Belə bir klubda oynamaq böyük şərəfdir. "Neftçi"nin zəngin tarixi var. Danışıqlar uğurlu nəticələnsə, buna ancaq sevinə bilərəm".
Qeyd edək ki, 29 yaşlı qapıçı vaxtilə "Vardar" (Makedoniya), "Karpatı" (Ukrayna), "Styaua" (Rumıniya) kimi klublarda çıxış edib. Onun son klubu isə Kipr "Ermis"idir.
Boqatinov Makedoniya yığmasında 9 oyun keçirib.
