Rauf Əliyev: Artıq bizim futboldan inciyib xaricə üz tutan oyunçuları yaxşı başa düşürəm
"Neftçi" ilə yollarını rəsmən ayıran Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Klub rəhbərliyinin qərarını necə qarşıladınız?
- Nə baş verdiyini tam başa düşməmişəm. "İnter"lə oyundan sonra üç futbolçunun transferə çıxarıldığı elan olundu. Mən nə deyə bilərəm ki?
- Bir aya yaxın xəstəlikdən əziyyət çəkdiniz və hiss olunurdu ki, formada deyilsiniz. "İnter"lə oyunun nəticəsinə görə məsuliyyəti sizin üzərinizə atmaları necə təsir etdi?
- Bu sualın cavabı mənim özümə də maraqlıdır. Hamı gözəl bilir ki, mən münaqişəni sevən deyiləm. Xəstəlikdən sonra komandaya döndüm. Son oyunun ardından isə lazım olmadığımı dedilər.
- Bəlkə kiminləsə münaqişəniz var imiş, amma siz və klubunuz bu barədə danışmaq istəmirsiniz...
- Belə bir şey ola bilməz. Həm də Azərbaycanda yaşayırıq, elə bir şey olsaydı, dərhal yayılardı.
- Özünüzə qarşı bu cür münasibəti necə qiymətləndirirsiniz?
- Ən azından çox xoşagəlməz haldır. Çünki məni komandaya kömək etməyə çağırmışdılar. Baş məşqçidən çox şey asılıdır. Mənə kifayət qədər şans vermirsə, mən özümü necə göstərə bilərəm? Futbolçuya qarşı inam olmayanda, çox çətin olur.
- Amma sizi ən azından mövsümün sonunadək saxlamaq olardı...
- Mən özüm də başa düşə bilmirəm. Klubun mənimlə müqaviləni erkən pozmasına xüsusi bir səbəb yox idi. Mən heç buna imkan da verməzdim.
- Bəs bundan sonra nə etməyi düşünürsünüz?
- Bir qərar verməliyəm. Fikrimcə, klubsuz qalmaram. Amma harada oynayacağımı hələ dəqiqləşdirməmişəm. Yeni klubum yerli də ola bilər, xarici də. İndi bizim futboldan inciyib xarici klublara gedən oyunçularımızı başa düşürəm.
