Qara Qarayev: Qarabağın xal itirməsində qeyri-adi heç nə yoxdur
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"ın son turlarda qələbə qazana bilməməsinin səbəbi nədir?
- Belə hallar olur, bu, normaldır. Son turlarda yaxşı komandalara qarşı oynamışıq. Ona görə də xal itirməyimizdə faciəvi bir şey görmürəm. Qeyri-adi heç nə baş vermir.
- "İnter"in xal fərqini bu qədər azaldacağını gözləyirdiniz?
- Bu, futboldur, hər şey ola bilər. Biz yenə də öz oyunumuzu düşünürük.
- "Qarabağ" bu il də çempionluğunu məhz "İnter"lə oyunda rəsmiləşdirə bilər...
- Ola bilər. Ötən mövsüm elə olmuşdu. Bu mövsüm necə olacağını isə heç kim öncədən dəqiq söyləyə bilməz. Biz qalan iki oyundan qalib ayrılıb, çempion olmalıyıq. Sizin sualınıza gəlincə, bunu zaman göstərəcək.
- "Sumqayıt"la oyundan nə gözləyirsiniz?
- Belə komandaya qarşı oynamaq çox çətin olur. Bu, Azərbaycanda ən gənc futbolçulardan qurulmuş bir komandadır. Onların "Neftçi" ilə oyununa baxmışdım. Çox layiqli mübarizə apardılar. Maraqlı oyun olacağını düşünürəm.
- Kubokun finalı barədə düşünmürsünüz?
- Xeyr, ona hələ var. "Neftçi" kubokun finalında tez-tez oynayır. Təcrübəli komandadır. Neçə mövsümdür hər il titul qazanırlar. Düşünmürəm ki, son turlardakı uğursuz nəticələr kubok görüşündə öz təsirini göstərsin.
