Roland Vrumans: Avropa Liqasında uğur qazanmağımız yaxşı olardı
“İnter”in idman məsələləri üzrə vitse-prezidenti Roland Vrumans klub saytına müsahibəsində Azərbaycana gəlişindən, gördüyü işlərdən və gələcək planlarından söhbət açıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- “İnter”də ötən ilin oktyabr ayından etibarən işləməyə başlamısınız. Sizi bu kluba təşrif buyuraraq burada çalışmağa vadar edən əsas səbəb nə idi?
- Layihə üzərində çalışmaq və bir sıra məqsədlərə nail olmaq üçün bir neçə ili əhatə edən gələcəyin mənzərəsini bilmək vacib məsələdir. “İnter”dən təklif mənə maraqlı gəldi və Bakıya getdim, öz gözlərimlə "İnter Arena"nı gördüm, bir sıra mühüm şəxslərlə görüşdüm və layihənin gələcək mənzərəsini yaratmağa çalışdım.
Yaşadığım Belçikaya qayıtdıqdan sonra bu imkanı ailəmlə müzakirə etdim və "İnter"də çalışmaq istədim. “İnter”də çalışmaq üçün "Roda JC Kerkrade" ilə müqaviləmin ləğv edilməsi lazım idi. Bunun üçün həmin klubla danışıqlar aparmalı oldum. Əvvəlki klubla münasibətlərə rəsmən xitam verdikdən sonra “İnter”lə 2017-ci ilə qədər müqavilə imzaladım.
- İşə necə başladınız?
- Həmişə indiki vəziyyəti təhlil edərək gələcək üçün planlar hazırlamaq lazımdır. Mən birinci komanda ilə bağlı iş metodunu təhlil etdim və komandanın baş məşqçisi Kaxaber Sxadadze ilə əsas və ikinci komandanın oyunçularının oyun keyfiyyətini birlikdə analiz etməyə başladıq. Əlbəttə, mən bilirəm ki, Sxadadze 7 ildir uğurla baş məşqçilik edir. Mənim üçün bilmək vacib idi ki, komandanın ümumi şəxsi heyəti birlikdə necə çalışır və hansı keyfiyyətlərə malikdir. Əsas komandanın başlıca vəzifəsi oyunlarda qalib gələrək yaxşı nəticələr əldə etməkdir, amma biz oyunçuları daha yüksək səviyyəyədək inkişaf etdirmək istəyirik. Birinci komanda bizim lokomotivimizdir. Hamı səbrsizliklə əsas komandadan nəticə və məhsuldarlıq gözləyir.
Mənim “İnter”lə bağlı hazırladığım layihə klubu, xüsusilə də futbol bölməsini, əsas komandanı, seleksiya işini və uşaq-gənclər futbol məktəbini daha daha yüksək səviyyəyə yüksəldilməsinə istiqamətlidir. Bu, böyük layihə və çətin vəzifədir. Buna görə də, mən “2015-2020-ci il planı”nı hazırlayaraq klubun sahibi Cahangir Hacıyevə təqdim etdim. Cənab Hacıyev plana çox yaxşı yanaşdı və dəstək göstərəcəyini bildirdi. Beləliklə, planı yerinə yetirməyə başlamaq imkanı yarandı.
- Birinci komanda ilə bağlı nəyi reallaşdıra bildiniz?
- 2015-ci ilin yanvar ayında baş məşqçi Kaxaber Sxadadze ilə onun Gürcüstan milli komandasının baş məşqçisi təyin edilməsindən sonra yaranmış yeni vəziyyəti müzakirə etdik. Biz belə bir qərara gəldik ki, Marino Pusiçi baş məşqçi postuna potensial namizəd kimi dəvət edək. Həmçinin klub həkimlərilə müzakirələr apardıq. Tibbi şöbənin iş metodlarını araşdırdıq və iş keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə fizioterapevt vəzifəsinə "Karlsrue"dən Klemens Foqtu dəvət etdik. O, çox bacarıqlı insandır və klubumuza sürətlə uyğunlaşdı.
Qış transfer pəncərəsinin açıq olduğu müddətdə baş məşqçilə bir necə dəfə müzakirələr apardım. Məqsədimiz mərkəz hücumçusunu, hücumçunu və mərkəz müdafiəçisini komandaya cəlb etmək idi. Biz vinger kimi “Feyenoord” klubundan Ruben Skaxenin və mərkəz müdafiəçisi mövqeyinə Belqradın “Partizan” klubundan Voyislav Stankoviçin transfer edilməsi barədə qərar qəbul etdik.
Biz bir sıra maraqlı mərkəz hücumçusu barədə müzakirələr apardıq, amma bu mövqelərə futbolçu dəvət etmədik. Qış transfer pəncərəsinin bağlanmasından sonra qələbə qazanmaq və mövsümün sonunadək yaxşı nəticələr əldə etmək üçün doğru futbolçuların seçilməsi mühüm əhəmiyyət daşıyırdı. Transfer pəncərəsinin bağlanmasından sonra gəldiyim qənaətlərdən biri də “İnter”in skaut komandasının yaradılması oldu. Mən komandaya cəlb olunmalarından öncə yeni oyunçuların potensiallarını canlı müşahidə etmək istəyirəm.
Siz əsas komanda üçün yeni futbolçuları seleksiya yolu ilə transfer edə, yaxud klubun uşaq akademiyasından futbolçuları cəlb edə bilərsiniz. Mən PSV klubunun gənclər akademiyasında çalışmışam və üç il Rusiyanın Tolyatti şəhərində Konoplev akademiyasında işləmişəm.
“İnter”in Uşaq-Gənclər Futbol Akademiyasının da beynəlxalq standartlara uyğun formalaşdırılmasına hazıram. Əsas məqsəd birinci komanda üçün futbolçular yetişdirməkdir. Mən AFFA-da cənab Bernard Lippertlə görüşdüm və AFFA-nın gənclərlə bağlı layihəsinə qoşulmağa hazır olduğumuzu bildirdim. Bizim növbəti görüşümüz bu yaxınlarda baş tutmalıdır.
- Komandada hazırda vəziyyət necədir?
- Klubda hamı öz işini görür. Əsas komandanın əldə etdiyi nəticələr komanda üzvləri və əməkdaşları üçün təqdirəlayiqdir. Biz Azərbaycan Premyer Liqasında çempionluq uğrunda əvvəlkitək “Qarabağ”la mübarizə aparırıq!
UEFA Avropa Liqasında vəsiqə qazanmağımız artıq dəqiqdir. Biz UEFA-nın təsnifat mərhələsində iştirak edəcəyimiz barədə təsdiq məktubunu da göndərmişik. Bu isə o deməkdir ki, biz növbəti mövsümdə də iştirak edəcəyik.
Gələcək üçün də bir neçə ssenariyə hazıram. Azərbaycan yarışlarında, istər Premyer Liqada, istər birinci divionda, eləcə də U-19 və U-17 turnirlərində bir çox oyunlara və oyunçuların çıxışlarına baxmışam. Milli komandanın və U-21 komandasının məşq prosesini izləmək üçün Türkiyədə olmuşam. 2015-ci ilin aprelində gələcək mövsümə hazırlıq məqsədilə Marino Pusiçlə birlikdə Hollandiya, Belçika və Almaniyaya səfər etdik. Əlbəttə, ambisiyalarımız yeni büdcə ilə müəyyənləşəcək, amma mən indiki komandanın və ya yeni komandanın formalaşdırılması üçün bir neçə ssenariyə də hazıram.
Ümid edirəm ki, bütün bu məsələlərə tezliklə aydınlıq gələcək. Bizə yaxşı şəxsi heyət, yaxşı komanda və yeni mövsüm üçün zəruri hazırlıq keçmək lazımdır. Mən həqiqətən də istəyirəm ki, indiki komandanın əsasını qoruyaraq Avropa Liqasında uğur qazanaq və gələcək mövsümdə də iştirak edək. Avropada uğur qazanmağımız yaxşı olardı.
