Ruslan Abışov: Neftçiyə keçməyi yox, növbəti oyunlarımızı düşünürəm
"Qəbələ"nin kapitanı Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
- 10 oyunda 28 xal qazanacağınızı gözləyirdiniz?
- Çempionat başlayan dövrdə bizim işlərimiz elə də yaxşı getmirdi. Amma mən demişdim ki, biz bu mövsüm səhvlərimizi düzəldə bilərik. Elə də oldu. Lakin biz bundan da yaxşı oynaya bilərik. Bunun üçün sadəcə, maksimum çalışmaq lazımdır.
- Nəyi nəzərdə tutursunuz?
- Bizim əsas hədəfimiz avrokuboklarla bağlıdır. Bütün diqqətimiz ancaq Avropa Liqasında uğurlu çıxış etməyə yönəlib. Azərbaycan çempionatı ilə kifayətlənməməliyik. Böyük komandanın böyük də iddiaları olmalıdır.
- Artıq bürünc medalların "Qəbələ"yə qismət olacağını demək olar?
- Hələ yox. Hər şeyə "İnter"lə oyunumuzdan sonra aydınlıq gələcək.
- Bu komanda ilə görüşdən nə gözləyirsiniz ki?
- Bakı təmsilçisi yaxşı komandadır, çempionluq uğrunda mübarizə aparır. Amma hesab edirəm ki, biz onlara qalib gələcək gücdəyik.
- "Qəbələ"dən Avropa Liqasında da uğurlu çıxış gözləyək?
- Əgər indiki komandanı ötənilki ilə müqayisə etsək, bu gün daha güclü olduğumuzu düşünürəm. Lakin ötən il biz "Şiroki Briyeq"ə ciddi yanaşmadıq. Bu dəfə isə hər şey tam fərqli olmalıdır.
- Minimum bir mərhələ keçməyə çalışacaqsınız?
- Minimum hədəf pley-offa vəsiqə qazanmaq olacaq.
- "Neftçi"yə qayıdacağınız barədə deyilənlər doğrudur?
- İndi mən bu barədə düşünmürəm. Bütün diqqətim qarşıdakı oyunlara yönəlib.
- "Rubin"in baş məşqçisi Rinat Bilyaletdinov deyib ki, siz zəif oyunçu deyilsiniz, sadəcə, bu komandada ciddi rəqabət olduğundan, tab gətirə bilməmisiniz...
- "Rubin"də hamı bilir ki, mən heç vaxt rəqabətdən qorxmamışam. Yarım il bu komandada çıxış etdim, özümə əmin idim. Sadəcə, müəyyən mənada bəxtim gətirmədi.
- Bu uğursuz dövr sizi legioner həyatı yaşamaq fikrindən birdəfəlik daşındırmayıb?
- Xeyr. Əgər yeni bir şans olsa, ondan yararlanmağa çalışacağam.
