Bilyaletdinov: Azərbaycanlı futbolçular Rusiya, Türkiyə və Ukraynada rahatlıqla oynaya bilər
Rusiyanın "Rubin" klubunun baş məşqçisi Rinat Bilyaletdinovun azerisport.az saytına müsahibəsi
- Keçmiş futbolçunuz Ruslan Abışovla maraqlanırsınız?
- O, artıq "Rubin"in üzvü deyil. Bizimlə olmayacaq. Bütün sənədlərini alıb, komandanı tərk edib.
- Deyilənə görə, onunla "Neftçi" maraqlanır...
- "Neftçi" tanınmış komandaır. Bir halda ki, belə bir klub onu öz sıralarında görmək istəyir, buna ancaq sevinə bilərəm.
- Abışovun "Qəbələ"dəki çıxışını, ümumiyyətlə, bu komandanı görmüsünüz?
- Xeyr. Onların baş məşqçisi kimdir ki?
- Roman Qriqorçuk.
- Səhv etmirəmsə, o, Latviyada da işləyib. Eləmi?
- Bəli, "Dinaburq" və "Ventspils"də çalışıb.
- Ona görə deyirəm, tanım addır. Azərbaycan çempionatını izləməyə məndə vaxt yoxdur. Türkiyədə təlim-məşq toplanışında olan vaxtlarda komandalarınızın oyunlarını izləyirəm. Məsələn, bizim gənclərimizin "Neftçi" ilə oyunu yadımdadır.
- Sizcə, Ruslan niyə "Rubin"də özünü göstərə bilmədi?
- Çünki komandada çox güclü rəqabət var idi. İndi ÇSKA-da çıxış edən Roman Yeryomenko bizdə idi. Onunla yanaşı Vladislav Kulik, Məhəmməd Ozdoyev, Blaqo Georgiyev, Karlos Eduardo kimi oyunçular vardı. Rəqabət çox böyük olduğundan heyətə düşə bilmirdi.
- Yəni onun səviyyəsinin Ozdoyevlə Kulikdən aşağı olduğunu demək istəyirsiniz?
- Heç bir futbolçunu zəif adlandırmıram. Eləcə də Ruslanı. Çünki zəif futbolçu peşəkar ola bilməz. Sadəcə, Ruslana öz komandasını tapmaq lazım idi. Hətta dünya şöhrətli ulduz futbolçular da bəzən yeni komandasında özünü tapa bilmir. Buna tez-tez rast gəlmək olur. Ümid edirəm ki, Ruslanın "Neftçi"də işləri yaxşı alınar. Ona ancaq uğurlar arzulayıram.
- Azərbaycandan başqa hansısa futbolçunu izləmək istərdiniz?
- Seleksiya işləri ilə məşğul olduğumuz siyahıda azərbaycanlı futbolçu yoxdur. "Zenit"də çıxış edən Ramil Şeydayev var, onu almaq istərdik. Görək necə alınacaq. Mən gənc azərbaycanlı futbolçu almaq istərdim. Əgər istedadlı oyunçular varsa, baxmaq istəyərəm. Vaxtilə "Lokomotiv"də gənc azərbaycanlı var idi. Onu bizə təklif etmişdilər.
- Samir Məsimov?
- Deyəsən. Dəqiq xatırlamıram. Mənə yaxşı oyunçu olduğunu demişdilər. İndi onun harada olduğunu bilmirəm. Bir daha təkrar edirəm ki, yaxşı futbolçu olarsa, baxmaq istərdim. Mənə elə gəlir ki, azərbaycanlı futbolçular Rusiya, Türkiyə və Ukraynada rahatlıqla oynaya bilərlər.
