Ağasəlim Mircavadov: Gəncə şəhər stadionu mütləq yenilənməlidir
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Kəpəz"in Premyer Liqaya qaytarılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, müsbət məqamdır. Regionlarda futbol olmasa, bu idman növündə inkişafa nail olmaq çox çətin olacaq. Tovuz, Mingəçevir, Gəncə, Qusar, Masallı və başqa şəhərlərimiz həmişə futbol bölgəsi olub. Əlbəttə, Gəncə şəhər stadionu mütləq təmir olunmalıdır. Çünki futbolu inkişaf etdirmək üçün ilk növbədə infrastrukturu yaxşılaşdırmaq lazımdır".
Mircavadov həmçinin onu da qeyd edib ki, birinci divizionda vəziyyəti düzəltmək lazımdır: "Birinci divizionun səviyyəsini qaldırmaq lazımdır. Elə etmək lazımdır ki, bu turnir daha nüfuzlu olsun. Çünki Premyer Liqaya çıxan komanda az qala yenidən heyət qurmalı olur. Axı birinci divizionda oyunçulara tam fərqli limit qoyulur. Bu baxımdan Premeyr Liqa ilə birinci divizion arasında müəyyən bərabərlik yaratmaq lazımdır".
Həmsöhbətimiz birinci divizionda liderlər qrupunda qərarlaşan komandaların çempionata buraxılmamasından da danışdı: "Başa düşmək lazımdır ki, lisenziyalaşdırma prosesi biim başa düşdüyümüz qədər asan bir şey deyil. Burada UEFA-nın müəyyən beynəlxalq tələbləri var. Burada söhbət təkcə maliyyə məsələlərindən getmir. Eyni zamanda akademiya, uşaq futbol məktəbi, klub işi və sair amillər nəzərə alınır. Əksər klublarımızda bu və ya digər məqamlara diqqət yeririlmirsə, niyə elitaya buraxılmamalarına təəccüblənirlər?"
