Səlahət Ağayev: Robert Prosineçki qapıya Kamran Ağayevi qoysa, inciməyəcəyəm
Azərbaycan yığmasının və "İnter"in qapıçısı Səlahət Ağayevin azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə qarşıdakı oyundan nə gözləyirsiniz?
- Bizim üçün vacib oyundur. "Neftçi" üzərində qələbə bizə gümüş medalları təmin etməklə yanaşı, çempionluq uğrunda mübarizəni davam etdirməyimizə kömək edəcək. Baxmayaraq ki, "Qarabağ"ın o dərəcədə xal itirəcəyinə inam qalmayıb. İstənilən halda bizə mübarizəni sonadək davam etdirmək lazımdır.
- Yeri gəlmişkən, siz bu oyunda xal itirsəniz, "Qarabağ" "Xəzər Lənkəran"a qalib gələrək çempionluğunu rəsmiləşdirə bilər...
- Hadisələrin necə nəticələnəcəyini deyə bilmərəm. Ola bilsin ki, "Qarabağ" bu tur çempionluğunu rəsmiləşdirsin.
- Yəqin ki, onlara mane olmağa çalışacqsınız...
- Biz onlara mane olmağa çalışmırıq. Sadəcə, öz şansımızı saxlamağa çalışacağıq.
- Eyni vəziyyət ötən mövsüm də var idi. Amma siz həmin vaxt məhz əsas rəqibinizlə dueldə qalib gələ bilməyərək çempionluğu əldən vermişdiniz...
- Bu mövsüm də öz aramızda oyun var. Amma çempionluq şansımızın qalması üçün öncə "Neftçi"yə qalib gəlməliyik. Hansı ki, bu komandaya qalib gəlmək elə də asan deyil.
- "İnter"də də maliyyə çətinlikləri var. "Simurq"un aqibəti ilə üzləşəcəyinizdən qorxmursunuz?
- Hələ rəhbərlikdən bizə pul olmayacağını, ya da büdcəni azaldacaqlarını deməyiblər. Düzdür, maaşlarda gecikmə var. Amma bu, hər klubda olur. Bizdə bir dəfə elə olmuşdu, amma bütün borclar ödənilmişdi. İndi daha çox komandanın oyunu, nəticələrimiz barədə düşünürük.
- Büdcə azaldılsa, hansı addımı atacaqsınız?
- Klubda ciddi islahatlara olmasa, burada qalacağam. Hətta maaşlar azaldılsa da belə, buna etiraz etməyəcəyəm. Çünki mən "İnter"in yetirməsiyəm. Klubuma qarşı hörmətsizlik edə bilmərəm. Həm də mən komandanın kapitanıyam. Kobud şəkildə desək, batan gəmini tərk etmək mənlik deyil.
- Norveçlə seçmə mərhələ oyununa qədər hazır olacaqsınız?
- Özümü yaxşı hiss edirəm. Robert Prosineçki mənim oyunumu izləyir. Çalışıram ki, baş məşqçinin etimadını qazanım. Yığmaya dəvət almaq istəyirəm. Əgər şans versələr, özümü göstərməyə çalışacağam.
- Millidə qapıçılarla bağlı ciddi rəqabət var. Kamran Ağayev də "Kayserispor"da özünü yaxşı tərəfdən göstərir...
- Onun klubundakı işlərindən xəbərim var. Malta ilə oyunda da qapıda yaxşı dayanmışdı. Prosineçki qapıya Kamranı qoysa, inciməyəcəyəm. Mən də qapıda dursam, əminəm ki, o inciməyəcək. Azərbaycan yığmasına dəvət almağın özü də hər bir futbolçu üçün böyük uğurdur.
