Fərrux İsmayılov: Qəbələni çempion görmək istərdim
Azərbaycanın veteran futbolçusu Fərrux İsmayılovun azerisport.az saytına müsahibəsi
- Ölkə kubokunun finalına "Qarabağ"la "Neftçi"nin çıxmasını necə qiymətləndirirsiniz?
- Bir halda ki, finala onlar çıxıblar, deməli, buna layiqdirlər. Amma mənə elə gəlir ki, "Simurq"un finala çıxması daha yaxşı olardı. Çünki bu komandanın oyunu, futbolçuların çəkdiyi əziyyət göz önündəydi. Digər tərəfdən "Qarabağ" onsuz da ölkə çempionu olacaq.
- "Simurq"un "Qarabağ"la cavab oyununda vurduğu sayılmayan qolla bağlı müzakirələr hələ də davam edir. Sizcə, hakimin qərarı doğru idi?
- Hakimlikdən danışmaq istəmirəm. 1-2 hakimi çıxmaq şərtilə, hamısı aşağı səviyyəli idarəçilik edir.
- Sizcə, kuboku hansı komanda qazanacaq?
- Öncədən dəqiq nəsə demək çətindir, amma mən "Qarabağ"a üstünlük verirəm. Onların necə oynadığını hamı görür. Ağıllı və baxımlı futbol nümayiş etdirirlər. Amma "Neftçi"ni də siyahıdan silmək olmaz.
- "Qəbələ" son dövrlər özündən ən çox söz etdirən komandadır. Onların 8 oyunluq qələbə seriyası sizi təəccübləndirmir?
- "Qəbələ" artıq öz oyununu tapıb və hər növbəti matçda daha yaxşı çıxışı ilə seçilir. Amma onlara yenə də vaxt lazımdır. Müəyyən vaxtdan sonra bu komandanın daha yaxşı oynayacağını düşünürəm. Onları çempion kimi də görmək istərdim. Çünki bu klubda böyük işlər görürlər. Bu işlərin nə vaxtsa bəhrəsini görəcəklər.
- Yəqin ki, "Qəbələ"nin bu mövsüm çempion olacağını düşünmürsünüz?
- Əlbəttə. Bu mövsüm onların çempion olmaq şansı çox azdır.
- Azərbaycan yığmasının Serbiya ilə yoxlama oyunu keçirməyə qərar verməsini necə qəbul etdiniz?
- Serbiya pis komanda deyil. Fikrimcə, bu oyun komandamız üçün faydalı olacaq. Belə komandalarla daha çox oynamaq lazımdır ki, yığmadakı çatışmazlıqları aradan qaldırmaq mümkün olsun.
