Vüqar Nadirov: Qəbələ ilə oyun öncəsi heç bir revanş hissi yoxdur
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə oyuna hazırlıq necə gedir?
- İstirahətdən sonra məşqləri bərpa etmişik. Hər şey normaldır. Hazırlaşırıq.
- "Qəbələ" ilə son oyununuzda minimal hesabla uduzmuşdunuz. Yəqin ki, qarşıdakı oyuna revanş hissi ilə yanaşırsınız...
- Heç bir revanş haqda düşünmürük. Biz sadəcə, qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik. Başqa heç nə.
- Əsas izləyiciniz "İnter"in sizdən 10 xal geri qalması sizdə arxayınlıq yaratmır?
- Xeyr. Bu fərq bizi arxayınlaşdırmamalıdır. Biz hər oyuna çempionluğun həlledici oyunu kimi çıxırıq.
- "Qəbələ"nin 8 oyundur qələbə qazandığını nəzərə alsaq, şanslarınızı necə qiymətləndirirsiniz?
- Nəsə demək çətindir. Hər iki komanda iddialıdır və qələbəyə oynayacaq. "Qəbələ"də motivasiya da yüksəkdir. Çünki medallar uğrunda mübarizə aparır.
- Son dövrlər gərgin qrafiklə oynamağınız narahatlıq yaratmır?
- Qətiyyən. Əksinə, 4-5 gündən bir meydana çıxmağımız mənim ürəyimcədir. Belə olan halda növbəti oyunadək motivasiya qalmış olur. Bu, həftədə bir dəfə meydana çıxmaqdan daha yaxşıdır.
- Mövsümün sonuna az qalıb. Kubokun finalından dərhal sonra siz yığmanın oyunları gözləyir. Belə gərgin qrafik sizin həmin oyunlara yorğun çıxmağınıza şərait yaratmayacaq?
- Hesab edirəm ki, nə dərəcədə güclü olduğumuz da məhz onda bilinəcək. Çempionatın sonunda yaxşı formada olacağımızı düşünürəm. Həm də mövsümün son turunda biz oynamayacağıq. Çünki "Araz Naxçıvan"la görüşməli idik. Bir az istirahət imkanımız olacaq və kuboka daha rahat hazırlaşacağıq.
- Son iki oyunda matçın axırlarında meydana çıxmağınız nə ilə bağlıdır?
- Sadəcə, kiçik zədəm var. Ona görə də son dəqiqələrdə çıxıram.
