Vəli Qasımov: Robert Prosineçkini Neftçinin məşqini izləməyə dəvət etdik
"Neftçi"nin idman direktoru Vəli Qasımov bu gün Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə keçirdikləri görüşdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Robert Prosineçki ilə görüş bizim təşəbbüsümüzlə keçirildi. Onun bizim futbolçular barədə fikirləri maraqlı idi. Söhbət heç də Malta ilə oyun öncəsi toplanışa komandamızın heç bir üzvünün dəvət olunmamasından getmir. Biz sadəcə, bilmək istəyirdik ki, millinin baş məşqçisi futbolçularımız barədə hansı fikirdədir. Biz özümüz "Neftçi"də böyük potensiala malik futbolçuların olduğunu görürük. Prosineçki də bildirdi ki, öz potensialına görə yığmaya dəvət ala biləcək oyunçular var. Amma ad çəkmədi. Sadəcə, qeyd etdi ki, o, hazırda ən yaxşı formada olan futbolçuları milliyə dəvət edir. "Neftçi"nin futbolçuları öz oyunları ilə sübut etməlidirlər ki, yığmada oynamağa layiqdirlər. Biz onu həmçinin növbəti məşqlərimizdən birini izləməyə də dəvət etdik".
