29 aprel 2015 00:40
Qəbələ Qarabağla oyunun hazırlıqlarına start verdi
Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində mayın 2-də “Qarabağ”la qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”la aprelin 25-də səfərdə keçirilən son turun oyununun (1:0) ertəsi günü Bakıda məşq edib, Qəbələyə qayıdan komanda ötən gün çalışmalarını doğma meydanda bərpa edib.
Bir günlük istirahət edən komandanın hazırlıqlarına fizioterapiya kursu keçən Dodo qatılmayıb. Braziliyalı yarımmüdafiəçi “Qarabağ”la oyunda komandasına kömək edə bilməyəcək. Roman Qriqorçukun futbolçuları oyunadək hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.
Qeyd edək ki, mayın 2-də Qəbələdə keçiriləcək “Qarabağ”la qarşılaşma saat 19:00-da başlayacaq.
