Pavel Paşayev: Maksim Medvedevi tanımasam da, onunla rəqabətə hazıram
Ukraynanın "Metallurq" (Zaporoye) klubunun müdafiəçisi Pavel Paşayevin azerisport.az saytına müsahibəsi
- "Dnepr"in Avropa Liqasının yarımfinalına çıxması sizi sevindirdi?
- Əlbəttə, onların yaxşı komandası var. Fikrimcə, öz oyunları ilə yarımfinala layiq olduqlarını da göstərdilər. Keçmiş komandama uğurlar arzulayıram. Ümid edirəm ki, Avropa Liqasını qazana biləcəklər.
- Maraqlıdır ki, "Dnepr" Avropa Liqasındakı yeganə məğlubiyyətini doğma meydanda "Qarabağ"dan almışdı...
- Düzünü deyim ki, mən həmin oyunu izləməmişdim. Yalnız epizodları görmüşəm. Hesabı sonradan öyrəndim.
- "Metallurq"un "Metallist"ə qarşı keçirdiyi son oyun heç-heçə bitdi. Komandanızın qeyri-sabit çıxışının səbəbi nədir?
- Bunun səbəbini bilmirəm. Hər şey istədiyimiz kimi getmir. Bütövlükdə, klubumuzda hər şey qaydasındadır.
- Hazırda hədəfiniz nədir?
- Mövsümü mümkün qədər üst pillələrdə başa vurmaq.
- FİFA-nın yığmamızda oynamaqla bağlı qərarından nə xəbər var?
- Hələ də cavab almamışam. Gözləyirəm. Bu gecikmənin nə ilə bağlı olduğunu bilmirəm. Gözləməkdən başqa çarəm yoxdur.
- Azərbaycan yığmasında oynamaqda maraqlısınız?
- Bu suala cavabımı siz özünüz də gözəl bilirsiniz. Arzum əvvəlki kimidir.
- Robert Prosineçki ilə söhbətləşmisiniz?
- FİFA-dan dəqiq cavab gəlmədiyinə görə, bunun mənası yoxdur. Çox istərdim ki, Serbiya və Norveçlə oyunlara dəvət alım.
- Maksim Medvedevi tanıyırsınız?
- Xeyr, kimdir ki?
- Cinah müdafiəçisi mövqeyində sizin rəqabət aparmalı olduğunuz əsas futbolçularımızdan biri...
- Onun haqqında eşitməmişdim. Amma əminəm ki, yığma üzvü olan futbolçu yüksək səviyyəli olar. Çünki millidə hər futbolçu oynaya bilmir. İstənilən halda, rəqabətə hazıram.
- Azərbaycan klublarında çıxış etmək fikriniz yoxdur?
- Mən hələ "Metallurq"un futbolçusuyam. Bütün diqqətim komandamın oyunlarına yönəlib. Bu üzdən də sualınıza cavab verməyə hazır deyiləm.
- Azərbaycan - Malta matçına baxmısınız?
- Xeyr. Amma əminəm ki, yığma Norveçə qarşı növbəti rəsmi matçda yaxşı oyun sərgiləyə bilsə, normal nəticə qazanacaq.
- "Xəzər Lənkəran" hazırda sizin sabiq komanda yoldaşınız Andre Saxneviçi sınaqdan keçirir. Bu futbolçu barədə nə bilirsiniz?
- Çox yaxşı futbolçudur. Onunla gözəl münasibətimiz var. Saxneviç "Xəzər Lənkəran"a kömək edə biləcək.
