Ernest Nfor: Neftçi hələ mənə yeni müqavilə təklif etməyib
"Neftçi"nin hücumçusu Ernest Nforun azerisport.az saytına müsahibəsi
- Zədədən sonra özünüzü necə hissi edirsiniz?
- "Qarabağ"la oyunda iştirak etdimsə, deməli, özümü yaxşı hiss edirəm. Amma üzərimdə daha çox işləməyim lazımdır. Çünki zədədən sonra fərqli məşq edirdim.
- Komandada qalacağınız dəqiqləşib?
- Bu, mənə göstərdikləri maraqdan asılı olacaq. 29 yaşım var. Klub mənimlə müqavilənin müddətini artırmaq istəsə, razılaşacağam. Əks halda özümə başqa komanda axtarmalı olacağam. Təklif gözləyirəm. Amma "Neftçi" hələ belə bir təklif irəli sürməyib.
- "Qarabağ"la oyunu necə şərh edərdiniz?
- Çətin oyun alındı. Amma bu, çempionatın ən yaxşı oyunlarından biri idi. Ən yaxşı komandalar qarşılaşırdı. Eynilə biz də ən yaxşı oyunlarımızdan birini göstərdik.
- Amma bu, qələbə qazanmağınıza bəs etmədi...
- Bir neçə fərdi səhvə yol verdik. "Qarabağ" isə belə səhvləri bağışlamayan komandalardandır. Onlar bizi əks-hücumlarda asanlıqla yaxalayırdılar.
- Meydana ikinci hissədə çıxsanız da, çox aqressiv görünürdünüz. Bu, nə ilə bağlı idi?
- Bu, normaldır. 2 aydan çox idi ki, normal oynamırdım. Futbol üçün darıxmışdım. Meydanda öz oyunumu sərgiləməyə çalışırdım. Aqressivliyim zəifliyin göstərici sayıla bilməz. Həm də biz matçın sonunu azlıqda keçirdik. Belə oyunlarda sarı vərəqə almaq çox asan idi.
