Tağıyev: Neftçi - Qarabağ finalı azarkeşlərə maraqlıdır, mənim üçün isə fərqi yoxdur
"Qarabağ"ın yarımmüdafiəçisi Cavid Tağıyevin azerisport.az saytına müsahibəsi
- "Simurq"la ölkə kubokunun cavab yarımfinal oyunundan nə gözləyirsiniz?
- Öz meydanımızda qələbə qazanmağımıza baxmayaraq, rəqib önündə ciddi üstünlüyümüzün olduğunu düşünmürəm. Başa düşürük ki, asan olmayacaq. Meydan sahibləri Zaqatalada daha təhlükəli olurlar. Düzdür, çempionatda da son oyunumuzu bu komandaya qarşı keçirmişik və qalib gəlmişik. Həmin nəticəni təkrarlamağımızı istərdim. Çünki kubokun finalında oynamaq istəyirik.
- Bu, eyni rəqibə qarşı ardıcıl üçüncü oyun olacaq. Yorucu deyil?
- Asan deyil. Yorulursan. Amma qrafik belədir və şikayətlənməyin yeri yoxdur. Meydana çıxıb, öz işimizi görməyimiz lazımdır.
- Finala çıxacağınız halda hansı komanda ilə qarşılaşmaq istərdiniz?
- "İnter"lə "Neftçi" çempionatın ən yaxşı komandalarıdır. Əgər biz finala çıxsaq, kiminlə oynamağımızın elə də fərqi olmayacaq. Əminəm ki, hər ikisi ilə qarşılaşmaq çox çətin olacaq.
- "Neftçi" ilk oyunda 2 cavabsız qol vurduğundan demək olar ki, finalda elə "Qarabağ"la bu komanda qarşılaşacaq?
- Əlbəttə, bu komandaların görüşü azarkeşlər üçün də daha maraqlı görünür. Amma şəxsən mənim üçün kiminlə oynamağımızın heç bir fərqi yoxdur.
- "Qarabağ" ikinci çempionluğa çox yaxındır. Amma bu, sizin üçün ilk olacaq...
- Mövsümün sonu yaxınlaşdıqca həyəcan artır. İstərdim ki, Azərbaycan çempionu olmağın hissini yaşayım. Əminəm ki, bu, unudulmaz hisslər olacaq. Eyni sözləri elə kuboka da aid etmək olar. Amma biz hələ heç nəyə nail olmamışıq və mübarizəmizi sonadək davam etdirməliyik.
- Yığma komandadakı perspektivinizə necə baxırsınız?
- Aydın məsələdir ki, yığmaya dəvət almaq üçün klubumda daim və sabit çıxış etməliyəm. Buna nail olmaqla yanaşı, Robert Prosineçkidən dəvət gözləməyə davam edəcəyəm.
