Ansi Aqolli: Simurqa qarşı son oyundan daha yaxşı çıxış etməliyik
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- Sizi "Simurq"la növbəti oyun gözləyir. Bu mövsüm onlarla 6 dəfə qarşılaşmalı olacaqsınız. Zaqatala klubu artıq sizin üçün prinsipial rəqibə çevrilib?
- Mən bu barədə heç düşünməmişdim. Mənim işim hər növbəti oyunda komandamın uğur qazanması üçün əlimdən gələni etməkdir. Hər görüşdə maksimuma çalışırıq. Əgər bir komandaya səkkiz dəfə də oynamalı olsaq, hədəf və məsuliyyət eyni olacaq.
- "Simurq"la ilk kubok oyununda niyə meydanda yox idiniz?
- Baş məşqçi elə qərar qəbul etmişdi. Kimin meydana çıxması ondan asılıdır. Mən isə həmişə oynamağa hazıram.
- Onda belə çıxır ki, "Simurq"la çempionat oyunu kubokdakından daha vacibdir?
- Bunu baş məşqçidən soruşmağınız daha yaxşı olardı.
- Süni örtüklü meydanda oynamaq "Qarabağ"a problem yaratmayacaq?
- Mənə elə gəlir ki, süni örtükdə oynamaq təkcə bizim yox, bütün komandaların prolemidir. Amma biz peşəkarlarıq və bunu xüsusi problemə çevirməməliyik. Sadəcə, uyğunlaşmağımız lazımdır.
- "Simurq" yarımfinalın ilk oyununda sizdən pis oynamasa da, uduzdu. Cavab oyununda işinizin daha çətin olacağından qorxmursunuz?
- Buna görə də cavab oyununda daha yaxşı oynamağımız lazımdır. Aydın məsələdir ki, rəqib çox yaxşı komandadır. Onlarla oynamaq hər bir rəqib üçün çətindir. Sadəcə, biz yaxşı müdafiə olunduq. Həm də qol epizodlarımız olurdu.
- "Qarabağ" üçün finala çıxmaq nə dərəcədə vacibdir?
- Biz indi çempionat barədə düşünürük. Ondan sonra kubokun cavab yarımfinal oyunu barədə düşünərik. Sonadək mübarizə aparacağıq.
