Topaz Premyer Liqasında 30-cu tur həyəcanı
Bu gün Topaz Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bütün matçları eyni günə təsadüf edəcək turun üç qarşılaşması Bakıda, biri paytaxtdan kənarda baş tutacaq. Bu turda “Xəzər Lənkəran” istirahət edəcək.
İlk iki qarşılaşma Bakıda baş tutacaq. Paytaxt derbisində “Bakı” və “İnter” üz-üzə gələcək. Əvvəlki 41 oyundan 13-də "zolaqlılar" qalib gəlibsə, 19-da qarşı tərəf 3 xala sevinən tərəf olub. Daha 9 qarşılaşmada tərəflər meydanı 1 xalla tərk ediblər. "İnter" top fərqində də üstündür - 47:31. Son 4 paytaxt derbisində bu komanda quru hesablı qələbə qazanıb. “Bakı” isə son 3 ildə baş tutan 13 qarşılaşmada qalib gəlməyib. Bu mövsüm baş tutan qarşılaşmaların da hamısında "İnter" qalib gəlib - 7:0, 1:0, 4:0. Elə bu dəfə də "Bakı"nın ikinci pillədə qərarlaşan rəqibinə ciddi müqavimət göstərməsi inandırıcı görünmür.
AZAL isə bu tur “Sumqayıt”ı qəbul edəcək. Bu komandalar arasında keçirilmiş əvvəlki oyunlarda (15 oyun) bakılıların 6 qələbəsi varsa, sumqayıtlılar cəmi 3 dəfə belə uğura imza atıb. Yerdə qalan 6 qarşılaşmada da heç-heçə qeydə alınıb. Top fərqi də AZAL-ın xeyrinədir - 22:16. Paytaxt təmsilçisi son 3 qarşılaşmada xal qazanıb. AZAL indiyədək ev oyununda “Sumqayıt”a məğlub olmayıb. Bu matçlardan meydan sahibləri qol vurmadan ayrılmayıb. Son dövrlər uğura həsrət qalan sumqayıtlıların "təyyarəçilər"lə oyunda nəyə nail olacağı maraqla gözlənilir. Bu mövsüm keçirilmiş oyunlara gəlincə, AZAL səfərdə 1:0, evdə 3:2 hesablı qələbəyə sevinib. Sumqayıtda baş tutan son qarşılaşmada isə hesab açılmayıb.
Turun ən maraqlı görüşlərindən biri Zaqatalada - “Simurq”la “Qarabağ” arasında keçiriləcək. Bu komandalar indiyə qədər 23 dəfə qarşılaşıblar. Həmin oyunlardan 6-da Zaqatala klubu qalib gəlibsə, 8-də də Ağdam təmsilçisi 3 xala sevinən tərəf olub. 9 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində bərabərlik var - 17:17. Komandaların bu mövsüm keçirilmiş son 3 oyununda “Qarabağ” qalib gəlib - ev oyunlarında 1:0, səfərdə 3:2. Lakin ağdamlılar son 5 səfər matçında 1 qələbə əldə edib. Maraq üçün qeyd edək ki, "Qarabağ"la "Simurq" bu mövsüm ölkə kubokunun yarımfinalında da rəqibdir. Elə bir neçə gün öncə Bakıda keçirilmiş ilk qarşılaşmada ağdamlılar 1:0 hesabıyla üstün olublar. Bu gün baş tutacaq çempionat oyunundan sonra Zaqatalada qalacaq Ağdam təmsilçisi kubokun cavab matçında da uğur qazanmağa çalışacaq. Beləcə, sözügedən komandalar 10 gün içində 3 dəfə üz-üzə gəlmiş olacaq.
“Neftçi” isə Avropa Liqasına vəsiqə qazanmaq yolunda əsas rəqiblərindən olan “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu komandaların duellərində paytaxt klubunun daha çox qələbəsi var - 13. 7 qarşılaşma heç-heçə bitdiyi halda, eyni sayda da "Qəbələ" qalib gəlib. Top fərqi də "Neftçi"nin xeyrinədir - 38:24. “Qəbələ” cari mövsümə təsadüf edən 3 oyunda qalib gələ bilməyib. “Neftçi” isə son iki ev oyununda qələbə qazanmayıb. Bu mövsüm baş tutan ilk iki oyunda hesab açılmayıb. Yalnız Qəbələdə baş tutmuş son qarşılaşmada "Neftçi" 3:1 hesabıyla üstün olmuşdu. Bu dəfə isə "Qəbələ" uğursuz gedişata son qoymağa çalışacaq. Artıq altı ardıcıl qələbəyə imza atmış bölgə təmsilçisi Avropa Liqasına yollanmaq üçün mütləq qələbə qazanmalıdır. Əks halda "Neftçi"ni qabaqlamaq bu komanda üçün çətinləşəcək.
Topaz Premyer Liqası
30-cu tur
17 aprel
16:00. “Bakı” - “İnter”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Kərim Ağayev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
16:00. AZAL - “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. “AZAL Arena”.
18:00. “Simurq” - “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala şəhər stadionu, 18:00
20:00. “Neftçi” - “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. “Bakcell Arena“.
| 1 | Qarabağ | 26 | 17 | 6 | 3 | 42-22 | 57 |
| 2 | İnter | 25 | 12 | 11 | 2 | 40-12 | 47 |
| 3 | Neftçi | 26 | 13 | 7 | 6 | 32-20 | 46 |
| 4 | Qəbələ | 26 | 11 | 7 | 8 | 35-32 | 40 |
| 5 | Simurq | 26 | 10 | 5 | 11 | 35-28 | 35 |
| 6 | AZAL | 26 | 8 | 7 | 11 | 28-37 | 31 |
| 7 | Xəzər Lənkəran | 26 | 7 | 6 | 13 | 32-40 | 27 |
| 8 | Sumqayıt | 25 | 4 | 8 | 13 | 23-36 | 20 |
| 9 | Bakı | 26 | 2 | 7 | 17 | 16-56 | 13 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
12 - Draqan Çeran ("Simurq"), Nurlan Novruzov ("Bakı").
9 - Reynaldo Silva ("Qarabağ").
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter"), Məhəmməd Qurbanov (“Sumqayıt”), Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").
7 - Rəşad Eyubov ("Simurq").
