Nikolas Kanales: İnter iki qolun əvəzini çıxa biləcək komandadır
"Neftçi"nin hücumçusu Nikolas Kanalesin azerisport.az saytına müsahibəsi
- "İnter"lə ilk yarımfinal duelindən qalib ayrıldınız. Nə deyə bilərsiniz?
- Çətin oyun alındı. "İnter" sıradan bir komanda deyil. Amma mənə elə gəlir ki, biz bu gün gözəl qələbə qazandıq. Çünki yaxşı nəticə ilə yanaşı, sərgilədiyimiz oyun da gözəl alındı.
- Sizcə, finala vəsiqənin taleyinə aydınlıq gəldi?
- Xeyr, hələ heç nə həllini tapmayıb. "İnter" iki topun əvəzini çıxa biləcək komandadır. Ona görə də biz arxayınlaşmamalıyıq. Bunun xoşagəlməz nəticələri ola bilər.
- Şanslar hələ də bərabərdir?
- Bəli. Buna əminəm. Biz cavab oyununda fərqli oynamalıyıq.
- Finalda hansı komandaya qarşı oynamaq istərdiniz?
- Mənim üçün fərqi yoxdur. Əsas odur ki, "Neftçi" bu gün sərgilədiyi oyunla kuboku qazanmağa layiqdir.
- Sizə elə gəlmir ki, bu mövsüm Azərbaycanda rəqabət çox aşağıdır?
- Yəqin ki, bu, bəzi klublardakı maliyyə problemlərindən qaynaqlanır. Amma mən səviyyənin aşağı düşdüyünü deməzdim. Bütün komandalara qarşı yonamaq çox çətindir.
