Samir Əliyev: Qarabağ qızıl dubla atmaq üçün öncə Simurqu keçməlidir
Azərbaycan yığmasının sabiq hücumçusu Samir Əliyevin azerisport.az saytına müsahibəsi
- Kubokun yarımfinal görüşlərində hansı komandaları favorit hesab edirsiniz?
- Mənə elə gəlir ki, bu oyunlarda nəyisə proqnozlaşdırmaq çox çətindir. Həm "Qarabağ" - "Simurq", həm də "Neftçi" - "İnter" cütündə hər şey baş verə bilər. Hər halda mən gərgin mübarizə gözləyirəm.
- "Neftçi"də Flavinyo, "İnter"də isə Laşa Salukvadze, Aleksandr Amisulaşvili, Abdulla Abatsiyev oynamayacaq. Bu, nə dərəcədə təsirini göstərə bilər?
- Əlbəttə, Flavinyonun yoxluğu "Neftçi" üçün böyük itkidir. Amma komanda təkcə braziliyalı futbolçudan asılı deyil. Eyni sözləri "İnter" haqda da demək olar.
- "Simurq" "Qarabağ"ı mübarizədən kənarlaşdıracaq gücdədir?
- Mənə elə gəlir ki, bu, mümkündür. Amma əminəm ki, "Qarabağ" da qızıl dubla imza atmaq üçün mübarizə aparacaq. Bunu reallaşdırmaq üçün isə ilk növbədə "Simurq"u mübarizədən kənarlaşdırmaq lazımdır. Finaldakı rəqib isə daha ciddi olacaq - ya "Neftçi", ya da "İnter".
- Sizcə, "Qarabağ" üçün bu iki paytaxt klubu ilə oynamaq çətindir?
- Bu komandaların çempionluq şansları qalmayıb. Yəqin ki, onların heç biri mövsümü titulsuz başa vurmaq istəməyəcək. Bu üzdən də onların həm yarımfinalda bir-birinə qarşı, həm də finaldakı rəqibə qarşı sonadək mübarizə aparacaqları aydındır.
- Siz kimləri finalda görmək istərdiniz?
- Bu barədə danışmaq mənə çətindir. Amma istərdim ki, "Neftçi" finalda oynasın.
- U-19 Nazim Süleymanova tapşırılsa da, Əsgər Abdullayev də namizədlər arasında idi...
- Mən onları müqayisə etmək istəməzdim. Hər ikisi Azərbaycan futbolu üçün çox iş görüb.
