Ağasəlim Mircavadov kubok oyunlarında favoritlərini açıqladı
AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi
- U-19 niyə məhz Nazim Süleymanova tapşırıldı?
- Bunu mən sizə deyə bilmərəm. Çünki onu mən təyin etməmişəm. Bizdən sadəcə, öz namizədlərimizin siyahısını təqdim etmək tələb olunmuşdu. Biz beş namizəd təqdim etmişdik. Hansısa məşqçinin adını həmin siyahıya daxil etməzdən öncə onların fikirlərini öyrənirik.
- Məşqçilərin reaksiyaları necə oldu?
- Şübhəsiz ki, hər biri yığmamızı çalışdırmağa razılığını verirdi.
- Bəs 19 yaşlıların Süleymanova tapşırılması qərarı ilə razısınız?
- Məşqçilər Komitəsi baş məşqçini seçmir, sadəcə, namizədlər verir.
- Yeni yaradılacaq U-18 və U-20 yığması üçün də namizədlərinizi müəyyənləşdirmisiniz?
- Qərar belə oldu ki, U-21 və U-19-dakı məşqçilərin sayını bir nəfər artıq edək. U-20 ilə U-18-ə də həmin məşqçi rəhbərlik edəcək. Onların adını tezliklə biləcəyik.
- Yaşar Vahabzadə ilə Nazim Süleymanov köməkçilərini özləri seçəcək?
- Bəli, onların fikri nəzərə alınacaq. Çünki onlarla özləri işləyəcək. Bizim onların işinə qarışmaq haqqımız yoxdur.
- Vəli Qasımov bir müddət öncə Pro kateqoriyalı məşqçi lisenziyası alıb. Amma hələ də işsizdir...
- O da bizim namizədlər siyahımızdadır. Təkcə o yox, digər mütəxəssislər də. Biz də bütün məşqçilərimizin çalışmasını istəyirik.
- Kubokun yarımfinal oyunlarından nə gözləyirsiniz?
- Maraqlı oyunlar. "Qarabağ", "İnter" və "Neftçi" demək olar ki, avrokuboklara vəsiqəni təmin edib. Buna baxmayaraq, kubokda da güzəştsiz mübarizə olacaq. "Simurq" üçün bu turnir xüsusi əhəmiyyət daşıyır. Çünki onlar da Avropada oynamaq istəyirlər və bunun üçün kuboku qazanmaq bu komandaya çox vacibdir.
- Proqnozunuz necədir?
- Fikrimcə, "Neftçi" "İnter"i, "Qarabağ" "Simurq"u keçəcək.
- Son dövrlər Azərbaycan Kubokunun final matçının keçirilmə yeri ilə bağlı müzakirələr gedir...
- Mən bu oyunun regionlardan birində keçirilməsini istərdim. Orada stadionu daha asan doldurmaqolur. Məsələn, Qəbələ və Lənkəranda oynamaq olar. İtaliyalılar superkubok matçını Çində keçirdilər. Yəni biz bir oyunu ölkəmizin hansısa bölgəsində keçirə bilməyəcəyik?
