Elvin Məmmədov: İnterə qol buraxmadan rəqib qapısına yol tapmaq vacibdir
"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə oyuna hazırlıq necə keçdi?
- Hər şey yaxşıdır, plan üzrə hazırlaşmışıq. Kubok oyunları bizim üçün avrokuboklara ən yaxın yoldur. Ona görə də bu turnirdə mümkün qədər yaxşı çıxış etməyə çalışırıq.
- "İnter" Topaz Premyer Liqasının 29-cu turunda istirahət etsə də, "Neftçi" Lənkəranda çox ağır oyuna çıxmışdı. Sizin bu oyuna daha təzə güclə çıxacağınızı demək olar?
- Demək olar. Amma unutmaq lazım deyil ki, kubok oyunlarının taleyi iki görüşün nəticəsinə əsasən müəyyənləşir. Fikrimcə, belə olan halda yorğunluq amili özünü elə də biruzə verməyəcək.
- İlk oyun səfərdə olacaq. "İnter" bu oyunda ilk növbədə nəyə çalışacaq?
- Kubok oyunlarında həmişə ən vacib olan qol buraxmadan rəqib qapısına yol tapmaqdır. Biz də buna çalışacağıq.
- Son dövrlər çempionatdakı xal itkilərinizin səbəbi nədir?
- Futbolda hər şey olur. Düzdür, "Qəbələ"yə uduzduq, amma ardından lider "Qarabağ"la heç-heçə etdik.
- Amma Ağdam klubu ilə oyununuz elə də parlaq keçmədi. Sanki, "İnter"in futbolçularında əminlik çatışmırdı...
- Mən elə deməzdim. Sadəcə, hər kəs qarşısındakının səhvə yol verməsini gözləyirdi. İki lider komandanın qarşılaşmasında buraxılacaq istənilən səhv baha başa gələ bilərdi.
- Kubokun digər yarımfinal cütündə "Qarabağ"la "Simurq" qarşılaşacaq. Bu dörd klubun indiki vəziyyətinə əsasən hansı komandanın kuboku qazanmaq şansı daha çoxdur?
- Düzünü deyim ki, məni başqa komandaların necə oynadığı maraqlandırmır. Amma belə bütün komandaların şanslarının bərabər olduğunu düşünürəm.
- Siz özünüz ötən mövsümlə müqayisədə xeyli artırmısız...
- Bunda məşqçi, klub, komandadakı kollektiv amili və sair öz rolunu oynayır. Bütün bunlar mənim də artırmağıma kömək edir.
