Rail Məlikov: Baş məşqçi mənə güvənmir
Türkiyənin "Dənizlispor" klubunun müdafiəçisi Rail Məlikovun azerisport.az saytına müsahibəsi
- Komandanız ötən gün "Antalyaspor"a uduzdu və təhlükəli zonadadır. Niyə hər şey bu qədər pisdir?
- Mən də bilmirəm. Hər oyuna heyəti baş məşqçi müəyyənləşdirir, nəticələrə də o cavabdehdir.
- Komanda PTT 1-ci liqanı tərk etsə, sizin atacağınız addım necə olacaq?
- Komandanın 1-ci liqanı tərk etməsi və ya burada qalması mənim üçün heç bir əhəmiyyət daşımır. Çünki may ayında klubla müqaviləmin müddəti başa çatacaq və komandadan ayrılacağam.
- Son dövrlər oynamasanız da, "Antalyaspor"la görüşdə 90 dəqiqə meydanda oldunuz. Az oynadığınıza görə getmək istəyirsiniz?
- Baş məşqçi aşkar şəkildə öz oyunçularına güvənir. O, mənə hələ güvənmir. Halbuki, mən buna layiqəm. Özü də "Dənizlispor"da belə aqibətlə üzləşən tək mən deyiləm. Həm də ola bilsin ki, klub rəhbərliyi mənə pul vermək istəmir. Çünki ancaq oynadığım oyunlara görə pul alıram.
- Bəs klubun sizə nə qədər verəcəyi var?
- Hardasa, 25 000 dollar.
- Yeni komandanızı harada axtaracaqsınız?
- Təkcə "Dənizlispor"u yox, Türkiyəni də tərk edəcəyəm. Artıq vətənə dönmək vaxtıdır. Harada oynayacağımı hələ müəyyənləşdirməmişəm. Amma komanda tapılar.
- Bir müddət öncə Cavid İmamverdiyevlə Mahir Şükürov bəyan etdi ki, azərbaycanlı futbolçulara erməniymiş kimi davranırlar. Sizə münasibət necədir?
- Elə bir münasibətlə üzləşməmişəm. Amma Türkiyədə ilk növbədə öz oyunçularına güvənirlər. İki il əvvəl burada oynadığım zaman hər şey tam fərqli idi. Meydana ən yaxşılar çıxırdı.
- Kamran Ağayevin "Kayserispor"dakı çıxışını necə qiymətləndirə bilərsiniz?
- Kamran yaxşı start götürüb. Start heyət uğrundakı mübarizəni erkən qazandı. Fikrimcə, Türkiyədəki ən yaxşı təmsilçimiz Rəşad Sadıqov olub. O, Super Liqada çıxış edib. Amma Kamran üçün hələ hər şey qabaqdadır.
