Georgi Çixradze: Aprel ayı bizim üçün vacib əhəmiyyət daşıyır
"Simurq"un baş məşçqisi Georgi Çixradzenin azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə oyuna hazırlıq necə keçdi?
- Hər şey adi qaydada baş tutdu. Bu ay çox gərgin qrafiklə oynayırıq. Maçtlar çoxdur. Ona görə də əsas diqqəti futbolçuların bərpasına yönəltmişdik.
- Rəqib yəqin ki, kubok çərçivəsində evdə üzləşdiyi 0:3 hesablı məğlubiyyətin qisasını almağa çalışacaq...
- Bu, futboldur. Məsələn, bizim üçün də hər bir oyun yeni səhifədir. "Qəbələ" kimi biz də qələbə qazanmaq istəyirik.
- Həmin oyundan bir ay keçsə də, "Qəbələ" artıq son oyunlarında daha inamlı təsir bağışlamaqdadır. Razısınız ki, bu komanda mart ayındakından çox fərqlənir?
- Bu komandanın oyununu tapdığını demək olar. Prinsipcə, yeni futbolçular çox olduğundan onlara zaman lazım idi. Artıq hər şey qaydasına düşür. İstənilən halda, hər iki komanda qələbəyə oynayacaq.
- Bu oyun həm də avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klubların mübarizəsi kimi diqqət çəkir...
- Elədir. Başa düşürük ki, ölkə kubokunun yarımfinalına vəsiqə qazanmağımıza baxmayaraq, çempionatda da mübarizəmizi davam etdirməliyik. Düzdür, iki cəbhədə mübarizə aparmaq çətindir, amma buna borcluyuq. Bu baxımdan "Qəbələ" ilə oyunun prinsipial əhəmiyyət daşıdığını demək olar. AZAL da var, onlar da 4-cü yeri tutmaq üçün mübarizə aparırlar. Qarşıdakı oyunlarda çox şeyə aydınlıq gələcək. Bu baxımdan aprel ayı çox vacibdir. Xüsusilə də bizim üçün.
- Bu ayda siz digərlərindən daha çox oynamalı olacaqsınız...
- Futbol belədir. Hərdən çox böyük fasilələr olur, hərdən də belə gərgin qrafiklə oynamalı olursan. Əsas odur ki, diskvalifikasiya və zədəli olmasın. Heyətdə rotasiya etmək imkanı varsa, bu, əlavə bir üstünlükdür.
- Ötən turu buraxan Draqan Çeranla Samir Zərgərovun "Qəbələ" ilə oyuna təzə güclə çıxacağını demək olar?
- Oyuna qədər hazır olacaqlarını düşünürəm.
- "Simurq"un avrokuboklara yollanmaq üçün iki yolu var - kubok və çempionatdan. Düşünmürsünüz ki, bu, oyunçularda arxayınlığa səbəb ola bilər?
- Xeyr, elə bir şey yoxdur. Əgər oyunlara ciddi yanaşmasaq, hər şey bizim üçün uğursuz başa çata bilər. Bu mövsüm onsuz da ciddi xal itkiləri ilə üzləşmişik. Məsələn, "Neftçi" ilə son oyunumuzda. Biz hər bir oyuna ciddi yanaşırıq. İndi "Qəbələ" ilə görüşə hazırlaşırıq, sonra isə "Qarabağ"la kubok oyunu barədə düşünəcəyik.
- "Simurq"u indiki heyətlə Avropa Liqasında çıxış etməyə hazır hesab edirsiniz?
- İndidən bu barədə danışmaq istəmirəm.
- "Simurq"a "İnter"dən gəlmişdiniz. Yayda isə paytaxt klubu baş məşqçisi ilə yollarını ayıracaq. Bakılıların düşərgəsinə dönmək barədə düşünmürsünüz?
- Hazırda "Simurq"dakı işimə köklənmişəm. Sizə ancaq bunu deyə bilərəm.
