Topaz Premyer Liqasında 29-cu tur həyacanı
Bu gün Topaz Premyer Liqasında 29-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, eyni gündə keçiriləcək tur avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Qəbələ” və “Simurq” arasında qarşılaşma ilə əlamətdar olacaq.
“Neftçi” ilə “Xəzər Lənkəran” arasında növbəti “Böyük oyun” da bu tura təsadüf edəcək. Lider "Qarabağ"ın əsas izləyicisi “İnter” isə istirahət edəcək.
Artıq çempionatımızın bəzəyinə çevrilən növbəti "Böyük oyun" bu dəfə Lənkəranda baş tutacaq. “Xəzər Lənkəran”la “Neftçi” 33-cü dəfə üz-üzə gələcək. Əvvəlki 32 oyunda "ağ-qaralar" daha çox qalib gəlib - 12 dəfə. 13 dəfə tərəflər meydanı 1 xalla tərk ediblər. Qalan 7 görüşdə isə cənublular qələbəyə seviniblər. Top fərqi də bakılıların xeyrinədir - 36:25. Ardıcıl 6 matçdır “Böyük oyun”lardan qolsuz ayrılmayan “Neftçi” son 7 qarşılaşmadan hər birində ən azı 1 xal qazanıb. 8 ildir öz meydanında uduzmayan “Xəzər Lənkəran” isə ardıcıl 11 ev matçında xal qazanıb. Cənubluların meydanındakı son 3 görüşdə heç-heçə qeydə alınıb. Lənkəranda bu mövsüm keçirilmiş ilk oyunda da 2:2 hesabı qeydə alınmışdı. Bakıdakı görüşlərdə isə "Neftçi" 1:0 və 2:0 hesablı qələbələrə sevinib.
Ötən tur "Bakı" ilə oyunda xal itirən son çempion və lider “Qarabağ” bu dəfə digər paytaxt təmsilçisi AZAL-la qarşılaşacaq. Bu klubların əvvəlki 25 oyunundan 14-də qalib gələn Ağdam klubu 5 dəfə də məğlubiyyətlə üzləşib. Daha 6 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də ağdamlıların üstünlüyü var - 32:23. Ardıcıl 5 oyunda rəqibinə qalib gələn “Qarabağ” 6 matçdır meydanı qolsuz tərk etmir. AZAL isə son 3 səfərdə rəqib qapısına yol tapıb. Bu mövsüm baş tutan görüşlərin hər üçü "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Qurban Qurbanovun komandası səfər oyunlarında 3:0 və 1:0 hesabıyla qalib gəlibsə, ev oyununda 2:1 üstün olub.
Çempionatın autsayderləri bu dəfə bir-biri ilə qarşılaşacaq. Belə ki, “Sumqayıt” doğma meydanda “Bakı” ilə münasibətlərinə aydınlıq gətirəcək. Əvvəlki 11 oyundan 5-də sülh bağlamış tərəflərdən "Bakı" daha çox qələbəyə sevinib - 4 dəfə. Sumqayıtlılar isə cəmi 2 dəfə 3 xalı bayram ediblər. Top fərqində də paytaxt klubunun cüzi üstünlüyü var - 9:7. Komandaların son 5 oyununda 4 heç-heçə qeydə alınıb. Bu matçlarda bakılılar qalib gəlməyib. Paytaxt təmsilçisi səfərdəki son 4 qarşılaşmada qol buraxıb. Cari mövsüm baş tutan görüşlərin ikisi heç-heçə bitib - 1:1 və 0:0. Digər görüşdə isə "Bakı" doğma meydanda 1:2 hesablı məğlubiyyətlə üzləşib.
Nəhayət, turun qapanış matçında “Qəbələ” “Simurq”la qarşılaşacaq. Bu klubların əvvəlki görüşlərində hər ikisi eyni sayda - 9 dəfə qələbə qazanıb. Qalan 7 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində isə "Qəbələ"nin minimal üstünlüyü diqqət çəkir - 25:24. Zaqatala təmsilçisi son 3, qəbələlilərsə evdəki son 4 görüşdə qol vurub. Bu mövsüm baş tutan əvvəlki üç oyuna gəlincə, 2 dəfə "Simurq" (səfərdə 3:2, evdə 2:0), 1 dəfə isə "Qəbələ" (səfərdə 2:1) qalib gəlib.
Topaz Premyer Liqası
29-cu tur
9 aprel (cümə axşamı)
17:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bakcell Arena”.
17:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
19:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu.
| 1 | Qarabağ | 25 | 16 | 6 | 3 | 40-21 | 54 |
| 2 | İnter | 25 | 12 | 11 | 2 | 40-12 | 47 |
| 3 | Neftçi | 25 | 13 | 6 | 6 | 30-18 | 45 |
| 4 | Qəbələ | 25 | 10 | 7 | 8 | 34-32 | 37 |
| 5 | Simurq | 25 | 10 | 5 | 10 | 35-27 | 35 |
| 6 | AZAL | 25 | 8 | 7 | 10 | 27-35 | 31 |
| 7 | Xəzər Lənkəran | 25 | 7 | 5 | 13 | 30-38 | 26 |
| 8 | Sumqayıt | 24 | 4 | 7 | 13 | 23-36 | 19 |
| 9 | Bakı | 25 | 2 | 6 | 17 | 16-56 | 12 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
12 - Draqan Çeran ("Simurq"), Nurlan Novruzov ("Bakı").
9 - Reynaldo Silva ("Qarabağ").
8 - Freddi Mombonqo (AZAL), Mikel Alvaro (“İnter”), Junior Nildo ("İnter"), Məhəmməd Qurbanov (“Sumqayıt”), Cavid Hüseynov ("Qəbələ"), Nikolas Kanales ("Neftçi").
7 - Rəşad Eyubov ("Simurq").
