Rauf Əliyev: Neftçinin çempionluq şansından danışmaq mənasızdır
"Neftçi"nin hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Sizi "Xəzər Lənkəran"la oyunda meydanda görə biləcəyik?
- Düşünmürəm. Suçiçəyim var. Vəziyyətim elə də yaxşı deyil.
- "Simurq"la oyunda da buna görə iştirak ərizəsində yer almamışdınız?
- Bəli. Elə o vaxtdan xəstəyəm.
- Amma yoxluğunuza baxmayaraq, "Neftçi" qalib gələ bildi...
- Mən ancaq komandamızın vurduğu qolu gördüm. Oyunun necə keçdiyi barədə elə də məlumatlı deyiləm. Amma Zaqatalada qələbə qazanmaq böyük işdir. Orada oynamaq hər komanda üçün çətindir.
- Amma bu görüşdən sonra oyundan çox Julius Vobayın hərəkəti müzakirə olundu...
- Həmin epizodu görmüşəm və düzünü deyim ki, onun bu hərəkətini niyə təhqir hesab etdiklərini başa düşə bilmirəm. O, sadəcə, qələbəyə sevinir. Vobay elə insan deyil ki, kimisə təhqir etsin.
- Qarşıda "Xəzər Lənkəran"la oyun var. Komandanızın şansları barədə nə deyə bilərsiniz?
- "Xəzər Lənkəran" zəifləsə də, Lənkəranda oynamaq həmişə çətin olur. Həm də unutmaq lazım deyil ki, bu komandalar arasındakı görüşlər prinsipiallığı ilə seçilir. "Böyük oyun"larda gərginlik çox olur.
- "Qarabağ"ın çempionluğu ilə barışmısınız?
- Mənə elə gəlir ki, bizim çempionluq şansımızdan danışmaq mənasızdır. Birinci olmaq çox çətin görünür. Həm də hər şey özümüzdən asılı deyil.
- "Neftçi"nin artıq yeni rəhbərliyi var. Bunu necə qarşıladınız?
- Bu barədə danışmaq istəmirəm. Allah eləsin ki, hər şey bizim xeryimizə doğru dəyişməyə başlasın.
