Arif Əsədov: Julius Vobaya başa saldıq ki...
"Neftçi"nin baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi
- "Böyük oyun"da hansı futbolçularınız meydana çıxa bilməyəcək?
- Əziz Quliyev, Karlos Kardoso, Mirhüseyn Seyidov "Xəzər Lənkəran"a qarşı sarı vərəqə limitini keçdiyinə görə oynaya bilməyəcək. Rauf Əliyevin hələ də ağrıları var. Məqsəd İsayev zədəlidir. Ernest Nfor da var. Bütövlükdə, altı futbolçumuz matçı buraxmalıdır.
- Belə görünür ki, heyətlə bağlı ciddi itkiləriniz var...
- Bu vəziyyətdən çıxmağa çalışacağıq. Qarşıda hələ ölkə kubokunun oyunları da var. Əvəzedici heyətin oyunçularından da yararlanmağa çalışacağıq. İtkilər bizim üçün bəhanə ola bilməz.
- Yəni, komandanız uğursuzluqla üzləşsə, heyətdəki itkilərdən danışmayacaqsınız?
- (gülür) Özümüzə bəraət qazandırmayacağam. Sadəcə, heyətimizdə itkilərin olduğunu bildirdim. Zaqataladakı qələbənin davamını gətirmək istəyirik. Turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirmək lazımdır.
- Razısınız ki, "Neftçi"də nə qədər problem olsa da, yenə də indiki heyətinə görə "Xəzər Lənkəran"dan üstündür?
- Səhv etmirəmsə, onlar bizimlə oyuna itkisiz çıxacaqlar. Amma bu komandaların oyunlarında başqa amillər daha çox önə çıxır. Kimin hansı heyətlə oynamasından asılı olmayaraq, motivasiya çox yüksək səviyyədə olur.
- "Xəzər Lənkəran"ın öz meydanında oynaması, çempionatda heç bir hədəfinin qalmaması rəqib üçün üstünlük sayıla bilər?
- Şübhəsiz ki, bunlar rəqibimizin üstünlüyüdür. Amma bizim üzərimizdə təzyiq var.
- "Neftçi"yə yeni rəhbərlik gəldikdən sonra komanda ardıcıl iki qələbə qazanıb. Bu, təsadüfdür?
- Düşünmürəm. Yeni rəhbərlik yeni stimuldur. Həm də yeni rəhbərlik tərəfindən özümüzə qarşı böyük diqqət hiss edirik.
- Zaqatalada "Simurq"la oyundan sonra baş verənlərə münasibətiniz maraqlıdır...
- Fikrimcə, bu məsələyə artıq nöqtə qoyulub. Julius Vobayı düzgün başa düşməyiblər. O, özü də etiraf etdi ki, meydan sahiblərinin azarkeşlərinə qarşı heç bir artıq hərəkət etməyib.
- Siz ona başa saldınız ki, bu şəkildə sevinmək düzgün hesab olunmur?
- Əlbəttə, bi ona başa saldıq ki, belə hərəkətlər yolverilməzdir.
- Yeni rəhbərlik gəldikdən sonra Müşahidə Şurasının sədri Çingiz Abdullayev bəyan etdi ki, komandada dəyişikliklər olacaq. Sizdən başlayacaqlarından qorxmursunuz?
- Mən öz işimi görürəm. Peşəkar məşqçiyəm və ancaq komandanın nəticələrini, mümkün uğurları düşünürəm. Gələcək əməkdaşlığa gəlincə, belə məsələlərə klub rəhbərliyi qərar verir. Həm də klubla müqaviləmin müddəti 2016-cı ilin yayında bitəcək.
