Şahin Diniyev U-18 və U-20 yığmalarının yaradılması ideyasından danışdı
AFFA-nın Məşqçilər Şurasının üzvü Şahin Diniyev Azərbaycanda U-18 və U-20 yığmalarının yaradılması ideyasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu komandaların yaradılmasında məqsəd keçid dövrü zamanı kadr itkisinin qarşısını almaqdır. Məsələn, U-19-dan U-21-ə keçid zamanı biz xeyli futbolçunu itirmiş oluruq. Amma U-20 komandasını yaratsaq, bu itki minimuma enə bilər. Əlbəttə, U-18 və U-20 yığmaları üçün beynəlxalq turnirlər yoxdur. Amma biz onların toplanışını təşkil edə, yoxlama oyunları keçirməsinə şərait yarada bilərik.
Bu komandaların yaradılması məşqçilərimiz üçün də yeni iş yerlərinin açılması deməkdir. Ad çəkmək, reklam etmək istəmirəm, amma biz hər gün bizim mütəxəssislərin işsiz qalmaması barədə düşünürük, çıxış yolları axtarırıq. Öz həyatını futbola həsr etmiş insanlar indi kənarda qalmamalıdırlar. Bizim komitə bunun üçün əlindən gələni edəcək".
