Kamran Ağayev: Türkiyə və Azərbaycan bayrağı ilə iki dövrə vurmaq istərdim
Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
- "Girəsunspor" üzərində qazandığınız 4:0 hesablı qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Hazırda PTT 1-ci liqada mövsümün ən həlledici dövrüdür. Fikrimcə, "Kayserispor" çox vacib qələbə qazandı.
- Siz isə bu oyunda penalti qaytarmağa nail oldunuz...
- Gücümə inanırdım və topu dəf edəcəyimə ümidli idim. Şadam ki, qapımı toxunulmaz saxlaya bildim.
- Beş oyunda cəmi 1 qol buraxmısınız...
- Düzünü desəm, neçə qol buraxdığımı hesablamıram. Əsas odur ki, komanda qələbə qazansın. Hətta 10 qol buraxsam belə, komandamın 11 top vurub, qalib gəlməsi daha önəmlidir.
- Yəqin ki, klubda sizdən razıdırlar?
- Bununla maraqlanmamışam. Mən öz işimi görürəm. Təriflənmək üçün çalışmıram.
- AŞ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı ev oyunundan (2:0) sonra dərhal paltardəyişmə otağına yollandınız. Nə baş vermişdi?
- Bu, bəzilərində fərqli fikirlərin yaranmasına səbəb olub. Amma nəsə axtarmağa ehtiyac yoxdur. Əsas odur ki, biz qalib gəldik. Bundan danışmaq lazımdır. Mənə gəlincə, hamı kimi öz işimi gördüm və paltardəyişmə otağına yollandım.
- "Kayserispor" PTT 1-ci liqada çempion olmağa çox yaxındır...
- Hələ çempionluqdan danışmaq üçün çox tezdir. Hər şey plan üzrə davam edir. Mənim həyatda bir neçə arzum var. Hazırda Türkiyə çempionatında çempion olmaq, Azərbaycan və Türkiyə bayrağı ilə stadionu iki dövrə qaçmaq istəyirəm. Bir dövrə də olar (gülür). Əsas odur zədə olmasın.
