Karşıyaka Mahir Şükürovla müqaviləni pozmağa hazırlaşır
Türkiyənin "Karşıyaka" klubunun baş məşqçisi Ayhan Akman Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovu bağışlamaq fikrində deyil. Azerisport.az xəbər verir ki, son turda oynamayan millimizin üzvü qarşıdakı "Bucaspor"la oyunun hazırlığında da iştirak etmir.
Xatırladaq ki, Mahir AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Malta oyununa görə Bakıya gəlsə də, qarşılaşmadan sonra Türkiyəyə qayıtmaqda problemlə üzləşmişdi. Onun həmin problemi yoluna qoyub İzmirə dönməsi isə üç günlük gecikməyə səbəb olmuşdu. Lakin Türkiyə klubu Şükürovun bu addımını səhlənkarlıq hesab edərək, onu cəzalandırıb. Bu üzdən Mahirin "Karşıyaka" klubundakı aqibətinin necə olacağı maraq doğurur.
Hazırda müdafiəçimizin İzmir klubunun əvəzedici komandasına göndərilməsi variantı müzakirə olunur. Lakin klub rəhbərliyi və məşqçilər korpusu onunla müqaviləni pozmaq varıantına da baxır. Əgər sonuncu varianta əl atılsa, Mahir azad agent statusu əldə edəcək.
