Rahid Əmirquliyev: Klub rəhbərliyi istəməsə, gedə bilmərəm
"Xəzər Lənkəran"ın yarımmüafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- "İnter"ə məğlubiyyəti necə şərh edərdiniz?
- Asan olmayacağını bilirdik. Çünki rəqibimiz çempionluq uğrunda mübarizə aparır. Bizim isə itiriləsi heç nəyimiz yoxdur. Yaxşı futbol göstərmək istəyirdik. Birinci hissədə yaxşı oynadıq. Amma fasilədən sonra digər oyunlarda da buraxdığımız səhvlər təkrarlanmağa başladı. Komanda ilk qoldan sonra "sınır".
- Penalti var idi?
- Bəli. Hakim səhv etməmişdi.
- Komandanız artıq bütün şanslarını itirib və aydın məsələdir ki, motivasiya yoxdur. Bəs yaxşı futbol sərgiləməyə nə mane olur ki?
- Təcrübə çatışmazlığı və bəxtsizlik.
- Qarşıda "Neftçi" ilə oyun var...
- Bu oyunda bizə motivasiya lazım olmayacaq. Biz neçənci yeri tutmağımızdan asılı olmayaraq, bu komanda ilə görüşlərdə həmişə yaxşı nəticə qazanmağa çalışırıq. Azarkeşlərdən də güclü dəstək gözləyirik.
- "Xəzər Lənkəran"ın yayda çox ciddi güclənəcəyi bildirilir. Sizin bundan xəbəriniz var?
- Mən də sizin kimi eşitmişəm. Amma dəqiq məlumatım yoxdur. Bunu rəhbərlikdən soruşmağınız daha yaxşı olardı. Təbii ki, növbəti mövsümdə çempionluğa oynamağımızı çox istərdim. Bunun üçün isə güclü heyət lazımdır.
- Bəs belə davam etsə, "Xəzər Lənkəran"ı tərk etmək fikrinə düşməyəcəksiniz?
- Mənim klubla müqaviləmin müddəti 2016-cı ilin yayında başa çatacaq. Rəhbərlik nəsə qərar verməsə, özüm bir yerə gedə bilmərəm.
