İbrahim Uzuncanın Bakıdakı taleyinə bu gün aydınlıq gələcək
Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş "Bakı" - "Qarabağ" oyunundan öncə meydan sahiblərinin baş məşqçisi İbrahim Uzuncanın istefa verdiyi, onun əvəzində komandanı meydana Novruz Əzimovun çıxaracağı bildirilirdi. Lakin azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssislə bağlı yayılan xəbərlər özünü doğrultmadı və həm futbolçular oyuna çıxdılar, həm də "zolaqlılar"ın sükanı arxasında elə Uzuncanın özü yer almışdı.
Klubdan aldığımız məlumata görə, oyundan öncə "Bakı"nın baş meneceri Zeynal Məmmədov bazaya baş çəkib. Bir neçə aydan sonra ilk dəfə klubun düşərgəsinə gələn prezidenti Hafiz Məmmədovun qardaşı toplantı keçirib. O, həmin toplantıda komandanı meydana məhz Uzuncanın çıxaracağını bildirib. Nəticədə, türkiyəli mütəxəssis postunda qalıb və o, son günlər məşq etməyən yetirmələrini meydana çıxarıb.
Bu gün isə futbolçular və məşqçilər korpusunun iclası baş tutacaq. Uzuncanın postunda qalıb-qalmayacağı məhz toplantıdan sonra bəlli olacaq.
