5 aprel 2015 16:30
Bakı Qarabağla oyuna yeni baş məşqçi ilə çıxır
"Bakı" Topaz Premyer Liqasının 28-ci turunun "Qarabağ"la oyununa yeni baş məşqçi ilə çıxacaq. Azerisport.az xəbər verir ki, qarşılaşmaya bir neçə saat qalmış "zolaqlılar"ın türkiyəli çalışdırıcısı İbrahim Uzunca komandanı meydana çıxarmaqdan imtina edib.
Bu üzdən də paytaxt klubu Novruz Əzimova tapşırılıb. Vaxtilə də bu komandanı çalışdırmış Əzimovun baş məşqçi səlahiyyətlərini nə vaxtadək yerinə yetirəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, "Bakı"nın futbolçuları da baş məşqçiləri kimi, "Qarabağ"la oyun öncəsi məşqlərdə iştirak etməyiblər. Onların bu addımına səbəb komanda üzvlərinin bir neçə aydır maaşlarını ala bilməməsidir.
