"Mombonqo da Azərbaycan klubunu təmsil edir, onu təhqir etmək yolverilməzdir"
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə oyundan nə gözləyirsiniz?
- Geriyə yol yoxdur. Futbolçular da qələbə qazanmaq istəyirlər. "Simurq"la oyunda şanslarımızdan yararlana bilmədik. "Qəbələ" ilə oyunda bunun əvəzini çıxmaq istəyirik. Bu komanda son turlarda çox artırıb, həm evdə, həm səfərdə qalib gəlir. Şanslar bərabərdir. Amma biz doğma meydanda qələbə qazanmaq və 4-cü yeri tutmaq şanslarımızı artırmaq istəyirik.
- "Qəbələ" son turu buraxmasaydı, yəqin ki, indi 4-cü pillədə olardı...
- Yəqin ki. Amma istənilən halda bizim üçün heç nə itirilməyib. Qarşıdakı oyunda qələbə bizi 4-cü edə bilər. "Simurq"a da qalib gəlsəydik, turnir cədvəlindəki vəziyyətimiz daha yaxşı olardı. Ümumiyyətlə, 4-cü yer uğrunda üç komanda - AZAL, "Simurq" və "Qəbələ" mübarizə aparır. Bu komandalar arasında gərgin mübarizə gedir. "Simurq"la son oyunda xalsız qalmağımıza Rəşad Abdullayevlə Seymur Əsədovun yoxluğu təsir etdi. Üstəlik, penaltini də dəyərləndirə bilmədik. Amma yenə də şansımızı itirməmişik. Qarşıdakı turlarda yaxşı çıxış etməyə çalışacağıq. Yəqin ki, son dövrlər yaxşı nəticələr qazanmağımız futbolçularda arxayınlığa səbəb olub.
- Bəziləri hesab edir ki, "Simurq"un qapısına təyin olunan penalti mübahisəli idi...
- Hər iki komandanın qapısına penalti təyin olunub. Hakim həmin epizodlara daha yaxın olub. O, epizodu bir rakursdan görür, biz fərqli. Mən özüm də həmin epizodun təkrarına baxmışam. Amma nəzərə almaq lazımdır ki, hakimin qərarları dəyişdirilmir.
- Yəqin ki, Rəşad Abdullayev meydanda olsaydı, penaltini Freddi Mombonqo yox, o vuracaqdı...
- Rəşad bizim əsas penalti vuranımızdır. Ondan sonra isə Freddi gəlir. Onların hər ikisi olmayanda, bunu Valeri Kutsenko etməlidir. "Simurq"la oyundan öncə Valeri ilə Freddiyə dedim ki, penalti vurmaq lazım gəlsə, hansınız daha sakit olacaqsa, o vursun. Freddi vurdu. Amma dəqiq olmadı. Belə hallar olur. Hər iki komandanın çoxlu qol epizodu oldu. Hər şeyə bir qol aydınlıq gətirə bilərdi ki, bu qolu da "Simurq" vurdu.
- "Simurq" azarkeşləri bu oyunda Mombonqonun ünvanına irqçi şüarlar səsləndirdilər...
- Mən elə o dəqiqə dördüncü hakimə öz etiramızı bildirdim. Belə hallar yolverilməzdir. Orada hakim-inspektor, AFFA nümayəndəsi vardı, onlar buna xüsusi diqqət ayırmalıdılar. Allah hərəni bir cür yaradıb, kiminsə dərisi ağdır, kiminsə dərisi qaradır. Amma heç kimin dərisinin rənginə görə kiminsə yanında üstünlüyü yoxdur. Bu, xoşagəlməz haldır. Biz ilk növbədə insanlığımızı qorumalıyıq. Mombonqo bizim klubumuzu təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdır, belə təhqirlər yolverilməzdir. Bizim öz mentalitetimiz, mədəniyyətimiz var ki, belə hallara yol vermir.
