Dmitri Bezotosnı: İstərdim ki, Qəbələ qalan 8 oyunun hamısında qalib gəlsin
"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının azerisport.az saytına müsahibəsi
- AZAL-la oyuna hazırlıq necə gedir?
- Adi qaydada. Digər rəqiblərə qarşı necə hazırlaşırıqsa, AZAL-la oyuna da elə hazırlaşırıq.
- Amma "Qəbələ"nin AZAL-la görüşlərdəki qədər pis balansı yoxdur...
- Bu balansı yaxşılaşdırmağa çalışacağıq. Lakin hansısa oyuna statistikanı yaxşılaşdırmaq gözü ilə baxmaq da düzgün deyil. Biz sadəcə, meydana qələbə üçün çıxacağıq.
- "Qəbələ" Premyer Liqanın digər klublarından daha çox istirahət imkanı qazandı. Bu, sizə müsbət təsir edəcək, ya mənfi?
- Demək çətindir. Oyun göstərəcək. Əgər uğurlu çıxış etsək, müsbət təsir edəcək, uğurlu çıxış etməsək, deməli, mənfi.
- Aprel ayını sizin üçün həlledici saymaq olar. Çünki AZAL-la oyundan sonra sizi daha bir əsas rəqibinizlə - "Simurq"la görüş gözləyir...
- Qalan bütün oyunlarımız həlledicidir. Bizə qələbə qazanmaq və xal itirməmək lazımdır. Ancaq nəticəyə oynamaq lazımdır. Əsas rəqiblərlə oyunlar həmişə çətin olur. Amma mən düşünmürəm ki, autsayderlərlə, liderlərlə oyunlarımız daha asan keçəcək.
- "Qəbələ" son 4 çempionat oyununda qalib gəlib. Bu uğurlu seriyadan sonra komandada əhval-ruhiyyə necədir?
- Bu, ondan xəbər verir ki, artıq komanda baş məşqçinin tələb etdiyi oyunu başa düşməyə başlayıb. "Qəbələ" öz oyununu tapmağa başlayıb. Biz vahid bir kollektiv olmağa başlamışıq.
- Yəqin ki, turnir cədvəlinə nəzər yetirdiyiniz vaxtlar olur. Sizcə, ilk üçlük necə formalaşacaq?
- Hadisələri qabaqlamaq istəməzdim. Kimin çempion olacağını, digər mükafatçıların kim olacağını indidən deyə bilmərəm. Çünki qarşıda hələ 8 tur var və çox şey dəyişə bilər. Mən indi ən çox "Qəbələ"nin qalan bütün oyunlarından qələbə ilə ayrılıb, mümkün qədər üst pillələrdə qərarlaşmasını istəyirəm.
