Laşa Salukvadze: Qarabağın çempion olacağını indidən demək olar
"İnter"in müdafiəçisi Laşa Salukvadzenin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la oyunu necə şərh edə bilərsiniz?
- Çətin oyun alındı. Həm bizim, həm də rəqibin yüz faizlik qol epizodu olmadı. Qol vurmağa çalışsaq da, alınmadı. Ona görə də heç-heçə layiqli nəticə oldu.
- Artıq "İnter"in çempionluq şansının qalmadığını demək olar?
- Xeyr, biz sonadək mübarizə aparacağıq. Amma düzünü desək, bu, çox çətin olacaq. "Qarabağ"dan 9 xal geri qalırıq. Üstəlik, lider çox güclüdür. Belə bir komandaya çatmaq çox çətin görünür. Mənə elə gəlir ki, "İnter"in çempionluğu heç də real görünmür.
- "İnter" ikinci hissədə üç hücumçu il çıxış edirdi...
- Mənim fikrimcə, "Qarabağ" heç-heçəyə oynayırdı. Ona görə də rəqib hətta hücum da təşkil etmək istəmirdi. Onlar üçün vacib olan uduzmamaq idi. Bizə isə hücumu gücləndirməklə qol vurmaq istəyirdik. Sadəcə, "Qarabağ" çox ağıllı oynadı.
- Yəqin ki, Reynaldonun olmaması sizin işinizi asanlaşdırmışdı...
- Mən elə düşünmürəm. Biz Reynaldoya qarşı oynamışıq, onu "bağlamışıq". Bizim üçün rəqibin hansı heyətlə oynamasının fərqi yox idi. "Qarabağ" isə xüsusilə kollektiv oyununa görə hamıdan fərqlənir.
- Belə çıxır ki, siz artıq çempion olacağınıza inanmırsınız...
- Nəzəri baxımdan şans qalıb. Amma çox çətin olacaq. Ona görə də indidən "Qarabağ"ın çempion olacağını demək olar.
- Qarşıda sizi "Xəzər Lənkəran"la oyun gözləyir...
- Onların heyəti gənclərdən qurulub. Bu mövsüm üç dəfə oynamışıq, ikisində qalib gəlmişik, bir dəfə uduzmuşuq. Gənclərə qarşı oynamaq çox çətindir. Fikrimcə, bizə bu dəfə də asan olmayacaq.
- Kaxaber Sxadadzenin Gürcüstan yığmasına baş məşqçi təyin olunmasından sonra sanki, "İnter"in futbolçuları oyunlara fərqli yanaşırlar...
- Elə deyil. Əvvəl necə idi, indi də elədir. Biz oyunlara ciddi yanaşırıq. Hər oyuna da qələbə üçün çıxırıq.
