Maksim Medvedev: Bakcell Arenaya alışmağımız üçün burada daha çox məşq etməyimiz lazımdır
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- "İnter"lə qolsuz heç-heçə ilə bağlı nə deyə bilərsiniz?
- Gərgin oyun alındı. "İnter" bizim əsas rəqibimiz, ən yaxın izləyicimizdir. Oyunçularımızın əksəri yığmanın düşərgəsindən qayıtmışdı. Ona görə meydanda təravətlilik hiss olunmaya bilərdi. Necə uduzmamaq haqda düşünürdük. Heç-heçəni ədalətli nəticə hesab edirəm. Baxmayaraq ki, qələbə qazana bilmədiyimizə görə də təəssüflənirik.
- Rəqibi fərqli arenada qəbul etmək çətin deyildi?
- "Neftçi"nin stadionu bizim üçün o qədər də tanış deyil. Tofiq Bəhramov adına Respublika stadionunda oynamağa alışmışdıq. Topla istədiyimiz kimi davrana bilmirdik. Həm də yığmanın oyunundan sonra tam istədiyimiz kimi məşq edə bilməmişdik.
- İlk dəqiqələrdən komandanızın heç-heçəyə kökləndiyini hiss etmək olurdu...
- Bu nəticəni bizim üçün yaxşı nəticə saymaq olar.
- Siz artıq "Bakcell Arena"ya alışmaq məcburiyyətindəsiniz. Çünki mövsümün qalan ev oyunlarını burada keçirəcəksiniz. Bu, çıxışınıza təsir göstərməyəcək?
- Onun üçün bizim burada daha çox məşq etməyimiz lazımdır ki, stadionu hiss edək Burda tribunalar meydana çox yaxındır. Elə təəssürat yaranır ki, azarkeşlər qulağının dibində qışqırır. Buna isə alışmaq lazımdır.
- Reynaldonun yoxluğu komandanıza nə dərəcədə təsir etdi?
- O, elə futbolçudur ki, oyunu üzərinə götürməyi xoşlayır və təkbaşına nəticə qazandıra bilir. Onun yoxluğu hücumdakı anlaşılmazlıqlarda özünü göstərirdi. Əlaqə istənilən səviyyədə deyildi. Növbəti oyunda braziliyalı bizimlə olacaq və qələbə qazanmağımıza kömək edəcək.
