Bəhram Bağırzadə: İlk növbədə oyunların keçirilmə vaxtını dəyişmək lazımdır
"Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə azarkeşlərin stadiona cəlb olunması yönündə görüləcək işlərdən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İşləmək lazımdır. Mən həmişə KVN-i futbolla müqayisə etmişəm. Xatırlayırsınızsa, "Parni iz Baku" 20-ci əsrin çempionu olmuşdu. O vaxt biz ilk dəfə səhnəyə 1991-ci ildə çıxmışdıq. Yəni lazım olan səviyyəyə çatmağımız üçün təxminən 10 il lazım oldu. Yeni yaradılan Müşahidə Şurasına da vaxt lazımdır. Demirəm ki, bizə də 10 il vaxt lazımdır. Amma 1-2 il dəqiqdir. Əgər indi desəm ki, sabah stadion mütləq dolu olacaq, klub avrokuboklarda böyük uğur əldə edəcək, bu, yalan olar. İşləmək, çalışmaq lazımdır. Lazım olan nəticəni əldə etmək üçün ilk növbədə jurnalistlər bizə kömək etməlidirlər. Hər bir sahənin nümayəndəsini məhz jurnalistlər ictimaiyyətə tanıtdırırlar. Əks halda xalq onları tanımazdı. Bizə də mətbuatın köməyi lazımdır. Azarkeş sayını artırmaq üçün ilk növbədə oyunların keçirilmə vaxtını dəyişmək lazımdır. Məsələn, şənbə günü saat 17:00-da oyun keçirməyə dəyməz. Həmin vaxt xeyli insan, azarkeş işdə olur".
