Böyükağa Hacıyev: Sadıq Sadıqovdan sonra Neftçidə işləmək Çingiz Abdullayev üçün çətin olacaq
"Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev xalq yazıçısı Çingiz Abdullayevin "Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri seçilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çingiz Abdullayev tanınmış yazıçıdır. Onun məşhur əsərləri var. Amma o heç vaxt futbolda olmayıb. Ona futbolda çalışmaq asan olmayacaq. Abdullayev üçün Sadıq Sadıqovdan sonra "Neftçi"yə rəhbərlik etmək çox çətin olacaq. Sadıq Sadıqovun komandanın uğurlarında əməyi böyükdür. Hər bir futbolçuya həm rəhbər, həm dost olub. Məşqçiylə şəxsən görüşərək onun strategiyasıyla maraqlanır, əgər hər hansı məşqçi kluba uyğun deyilsə, Sadıq müəllim onu heç vaxt "Neftçi"yə götürməz. Uğurlarını hamı bilir - Avroliqada qrup mərhələsinə vəsiqə qazanmaq, Azərbaycan çempionluğu və kuboku, Superkubok. Sadıq Sadıqovun uğurlarını təkrarlamaq çox çətindir. Bu insan futbolla, "Neftçi"ylə yaşayır. Şəxsən mən "Neftçi"ni Sadıq Sadıqovsuz təsəvvür edə bilmirəm. Onunla çalışdığım üçün demirəm, həqiqəti deyirəm. Flaqmana çox yaxşı prezident olub".
