Baçana Sxadadze: Hər bir seriyanın sonu var
"İnter"in hücumçusu Baçana Sxadadzenin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"la çempionat oyunundan nə gözləyirsiniz?
- Oyuna ciddi hazırlaşırıq. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək.
- "İnter" 4 ildən çoxdur "Qarabağ"a qalib gələ bilmir. Siz bu sindromun səbəbini bilirsiniz?
- İstənilən seriyanın bir sonu var. Biz bu oyunda qələbəyə oynayacağıq. Çempionluq uğrunda mübarizə aparırıq. Başa düşürük ki, bu oyunda qalib gəlməsək, başqa şansımız olmaya bilər.
- Gürcüstan yığmasının Almaniya ilə seçmə mərhələ oyununda (0:2) ehtiyatda qaldınız. Məğlubiyyətinizə nə səbəb oldu?
- Biz pis oynamadıq. Əks-hücumlara üstünlük verirdik, qısa ötürmələrdən yararlanırdıq. Təəssüf ki, hər şey bizim istədiyimiz kimi alınmadı. Məğlubiyyətə səbəb də yəqin ki, səviyyə fərqi idi.
- Almanlar sizin düşündüyünüzdən də güclü idilər?
- Mən hələ belə güclü komanda görməmişdim. İndiki Almaniya yığması çox möhtəşəmdir.
- Baş məşqçi sizə niyə şans vermədi?
- Almaniyaya qarşı oynamağı çox istəyirdim. Amma çox şey istədiyimiz kimi alınmadı. Birincisi, baş məşqçi iki məcburi dəyişikliyə əl atdı. Amisulaşvili ilə Okriaşvili zədələnərək oyunu davam etdirə bilmədi.
