Rizvan Fərzəliyev: Ardıcıl 4-cü dəfə AÇ-yə vəsiqə qazanmağa çalışacağıq
Futzal üzrə Azərbaycan yığmasının üzvü Rivzan Fərzəliyevin azerisport.az saytına müsahibəsi
- Ukrayna ilə həlledici oyun barədə nə deyə bilərsiniz?
- Oyun öncəsi bizi üç variantdan ikisi - qələbə və heç-heçə qane edirdi. Təəssüf ki, biz bu variantların heç birinə nail ola bilmədik və arzulamadığımız variant - məğlubiyyət qeydə alındı. Rəqibi AÇ-yə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm.
- Lazım olan nəticəni qazanmağa nə mane oldu?
- Oyunun əvvəllərində əldə etdiyimiz qol vəziyyətlərindən yararlana bilsəydik, hər şey tam fərqli nəticələnə bilərdi. Amma biz qol vurmaq əvəzinə öz qapımızda top gördük. Sonadək ruhdan düşmədik, matçda dönüş yaratmağa çalışdıq. Lakin alınmadı.
- Ola bilər ki, hələ Ukrayna bizim dişimizə görə rəqib deyil?
- Mən belə deməzdim. Bərabər səviyyəli oyun getdi. Biz ələ düşən qol vəziyyətlərindən yararlansaydıq, siz çətin ki, indi mənə belə sual verərdiniz.
- Matçın sonunda komandamızın üzvləri hakimi dövrəyə aldı. Siz ondan nə istəyirdiniz?
- Ukrayna yığmasının üzvü ikinci dəfə topu qapıçıya qaytardı, bu isə qaydalara ziddir. Sərbəst zərbədən istifadə etməliyik. Amma hakim bildirdi ki, vaxt başa çatıb.
- Pley-offdakı şanslarımızı necə qiymətləndirirsiniz?
- Bu, püşkün bizə çıxaracağı rəqibin kimliyindən asılıdır. Bizi iki çətin oyun gözləyir. Çalışacağıq ki, ardıcıl dördüncü dəfə AÇ-yə vəsiqə qazanaq. 2009-cu ildə AÇ öncəsi pley-off oynamışdıq. Çalışacağıq ki, bu dəfə də oxşar uğura imza ataq.
- Bəs alınmasa?
- Ruhdan düşməyəcəyik. Bizim hələ şansımız var. Baş məşqçimiz yenidir. O, yeni heyət formalaşdırmaqdadır. Biz hələ Tini Peresin taktikasına tam uyğunlaşa bilməmişik. Sentyabra qədər xeyli vaxt var.
