Tino Peres: Rizvan Fərzəliyev və digər yerli oyunçulara yığmada əvəzedici görmürəm
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres AÇ-2016-nın əsas seçmə mərhələsi çərçivəsində Ukraynaya məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:3 hesablı məğlubiyyətlə bağlı öncə bunları söyləyib:
- Çətin oyun oldu. Rəqib yaxşı oynadı. Xüsusilə də qapıçılarının çıxışını qeyd edərdim. Birinci hissədə zəif oynadıq. İkincidə isə daha yaxşı çıxış etdik. Lakin təəssüf ki, lazım olan qolları vura bilmədik.
- Siz hesab 1:2 olarkən də 5-ci meydan oyunçusundan istifadə etməyə qərar verdiniz. Halbuki, sona 7 dəqiqə qalırdı. Bunu etməkdə tələsmədiniz?
- Daha çox qol vurmaq istəyirdik. Uşaqlar yorulmuşdular. Beşinci oyunçunu ona görə buraxdıq ki, topa daha çox nəzarət edək. Bir epizodda qapı dirəyi qol vurmağımıza mane oldu. Ümumiyyətlə, uğur bizim tərəfimizdə deyildi.
- Pley-off oyunlarına qədər komandada nəyisə dəyişmək mümkün olacaq?
- Hələ bilmirəm. İndi bundan danışmaq tezdir. Qoy mövsüm başa çatsın, rəhbərliklə söhbət edərik. Püşkatma mərasimindən sonra nəsə demək olar. Mənə işləmək üçün vaxt lazımdır. Hazırda mən yığmada yeni gənc oyunçular görmürəm. Məsələn, Rizvan Fərzəliyevə. Eləcə də yığmada çıxış edən digər yerli oyunçuların əvəzləyicisi yoxdur.
- Çatışmazlıq hansı mövqelərə aiddir?
- Bütövlükdə götürsək, bu üç oyun mənim xoşuma gəldi. Yeni komandayıq. Hələ 5 ay deyil bir araya gəlməyimiz. Təcrübə çatışmazlığı var. Üstəlik, mən özüm də Azərbaycan yığmasında çalışmağa yenicə başlamışam.
- Müqavilənizin müddəti mayda başa çatacaq. Bunu müzakirə etmisiniz?
- Rəhbərliklə bu barədə söhbətimiz olmayıb. Heç düşünməmişəm də. İndi yeganə təəssüfləndiyim şey varsa, o da qrupdan birinci yerlə çıxa bilməməyimizdir.
