Pol Fenex: Azərbaycan Malta ilə oyunda yalnız evdə oynadığına görə favoritdir
Malta yığmasının yarımmüdafiəçisi Pol Fenexin azerisport.az saytına müsahibəsi
- Azərbaycanla seçmə mərhələ oyunundan nə gözləyirsiniz?
- Hər iki komanda turnir cədvəlinin alt pillələrində qərarlaşıb. Bizi Azərbaycanla çox çətin oyun gözləyir. Amma biz öz gücümüzə inanırıq. Azərbaycanlılardan fərqli olaraq, bizim bir xalımız var. Bolqarlarla heç-heçə etməyə nail olmuşuq.
- Amma siz razısınız ki, Azərbaycan Bakıdakı oyunda favoritdir?
- Bilmirəm. Burada favorit axtarmaq çətindir. Əgər biz İtaliya və Bolqarıstana qarşı sərgilədiyimiz oyunu təkrarlaya bilsək, Azərbaycana asan olmayacaq. Məsələ burasındadır ki, Azərbaycan yığması evdə oynayır və onları favorit edən də budur.
- Azərbaycanla oyun öncəsi Gürcüstanla yoxlama matçı keçirəcəksiniz. Yorğunluq olacağından qorxmursunuz?
- Xeyr. Bu, yoxlama oyunu olacaq. Biz gücümüzü düzgün bölməyə çalışacağıq.
- Azərbaycan yığması barədə nə dərəcədə məlumatlısınız?
- Yaxşı oyunçuları var. Bu komandaya qarşı əvvəllər oynamışıq. Bir neçə futbolçusu yadımda qalıb. Amma nə adlarını, nə də nömrələrini xatırlayıram.
- Azərbaycana məğlubiyyət Malta üçün nə dərəcədə ciddi zərbə olacaq?
- İstənilən məğlubiyyət problemdir. Amma hazırda komandamızda yaxşı əhval-ruhiyyə var. Elə Azərbaycanla oyuna da bu əhval-ruhiyyə ilə çıxacağıq.
- Azərbaycan yığmasını hazırda Robert Prosineçkinin çalışdırdığını bilirsiniz?
- Bəli, bilirəm. Yaxşı oyunçu olmasından xəbərim var. Amma məşqçi kimi heç bir söz eşitməmişəm.
