Amadeu: Ukrayna kimi rəqiblər daha təhlükəli olurlar
Futzal üzrə Azərbaycan yığmasının üzvü Amadeunun azerisport.az saytına müsahibəsi
- Komanda qrupdakı ilk iki oyundan sonra toparlanıb?
- Bəli, biz özümüzü yaxşı hiss edirik. Kifayət qədər gücümüz var ki, Ukrayna ilə həlledici oyuna çıxaq. Bizi qrupda çox vacib oyun gözləyir. Öz meydanımızda maksimum xal toplamağa çalışmalıyıq.
- Məğlub olsanız, pley-offda oynamalı olacaqsınız...
- İndi biz bu barədə düşünmürük. Öz meydanımızda çıxış etdiyimiz üçün güclü dəstəyə malik olacağıq. Həm də bizi heç-heçə də qane edəcək. Belə olan şəraitdə Ukraynaya uduzmaq olmaz.
- Komandamız Danimarkaya qarşı sərgilədiyi oyunla Ukraynaya qalib gələ bilər?
- Danimarka Ukrayna səviyyəsində komanda deyil. Biz onlara qarşı daha yaxşı və aqressiv oyun sərgiləməliyik. Baxmayaraq ki, Danimarka ilə də yaxşı oynamışdıq. Məhz bunun nəticəsi olaraq, biz hətta son oyunda heç-heçə sayəsində də mərhələ adlamaq şansı verən nəticəyə nail olduq.
- Rəqibin əsas üstünlükləri nədədir?
- Onların fərdi baxımdan güclü oyunçuları var. Amma Ukrayna kollektiv oyununa görə daha güclüdür. Belə rəqiblər daha təhlükəli olurlar. Biz isə əksinə, fərdi cəhətdən daha güclüyük.
- Tino Peresin az qala hər dəqiqə fərqli heyəti meydana buraxmasına münasibətiniz necədir?
- Bu, baş məşqçinin qərarıdır və mən buna qarşı çıxa bilmərəm. O, oyunu belə görür. Digər tərəfdən oyunçular üzərində yüklənmə çox olmur. Hamısı həm oynamaq, həm də istirahət etmək imkanı qazanır.
