Vüqar Nadirov: Maltaya yuxarıdan aşağı baxmırıq
Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığması Malta ilə sonuncu dəfə 2013-cü ildə, Bakıda yoxlama oyunu çərçivəsində üz-üzə gəlib və 3:0 hesabıyla qalib gəlib. Həmin heyətdən bəziləri indi də millidədir. Bu, sizi arxayınlaşdırmır ki?
- Biz onlara yuxarıdan aşağı baxmırıq. Gözəl başa düşürük ki, Malta zəif rəqib deyil. Amma onlar güclü dədeyil. Öz oyunumuzu göstərməyə və qələbə qazanmağa çalışacağıq.
- Artıq indidən demək olar ki, azarkeşlər növbəti xal itkisini qəbul etməyəcəklər?
- Razıyam. Biz onları sevindirməliyik.
- Robert Prosineçkinin açıqladığı heyətdə "Neftçi"nin heç bir futbolçusunun olmaması böyük təəccübə səbəb oldu...
- Bu, baş məşqçinin qərarıdır. Biz onu müzakirə edə bilmərik. Əlbəttə, Rauf Əliyevi, Araz Abdullayevi də heyətdə görmək istərdik. Amma bir halda ki, baş məşqçi dəvət etməyib, belə də olmalıdır.
- Bəs komandaya yeni dəvət alan futbolçular barədə nə düşünürsünüz?
- Onların komandaya nə dərəcədə faydalı olacağını zaman göstərəcək.
- Bəs Eddi İsrafilov barədə nə deyə bilərsiniz?
- O, İspaniyanın "Qranada" klubunda, yəni top-çempionatda çıxış edir. Əminəm ki, millimizə faydalı olacaq.
- Siz "Qarabağ"ın son iki kubok oyununda dörd qol vurdunuz. Amma yığma komandada uzun müddətdir ki, fərqlənə bilmirsiniz...
- Bəli, çoxdandır qol vurmuram. Sonuncu dəfə Avstriya ilə Bakıdakı oyunda (1:4) fərqlənmişəm. Amma ümid edirəm ki, tezliklə millidə də qol vurmaq şansı qazanacağam.
- Seçmə mərhələ öncəsi hədəfin 3-cü yeri tutmaq olduğu bildirilirdi. Qarşıda altı oyun var. Sizcə, hələ şansımız var?
- Hazırda biz yalnız qarşıdakı Malta ilə oyunu düşünürük. Ondan sonra nə olacağına isə baxacağıq. Əgər turnir cədvəlində irəliləmək üçün şans olacaqsa, niyə də bundan yararlanmayaq.
