Arif Əsədov: Neftçinin hər bir üzvü millimizdə oynamağa layiqdir
"Neftçi"nin baş məşqçisi Arif Əsədov komandasının üzvlərindən heç birinin Azərbaycan yığmasının Malta ilə oyununa dəvət almamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Robert Prosineçki dəfələrlə demişdi ki, Azərbaycan yığmasında klublarında mütəmadi oynayan futbolçuları çağıracaq. Mən isə "Neftçi"nin heyətində tez-tez dəyişikliklər edirəm. Bunun nə dərəcədə təsiri var, deyə bilmərəm. Amma hesab edirəm ki, komandamın hər bir üzvü Azərbaycan yığmasında oynamağa layiqdir. Onlar hələ sözlərini deyəcəklər. Digər tərəfdən, "Neftçi"nin beş üzvü gənclərdən, ikisi isə 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət olunub. Üstəlik, Xorvatiyanın "Hayduk" klubundan dəvət olunan Ruslan Qurbanov da müqavilə ilə bizə məxsusdur. O, cəmi bir aydır ki, Xorvatiyaya gedib".
